0_edit.jpg
31 yanvar 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Nəsimi rayonunda yerləşən əqli cəhətdən qüsurlu uşaqlar üçün 11 nömrəli yardımçı məktəbdə olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Fondun hazırladığı Bakı şəhərinin internat məktəbləri və uşaq evləri ilə tanışlıq üzrə dördmərhələli proqramın birinci mərhələsi çərçivəsində yanvarın 31-də paytaxtın Nəsimi rayonunda yerləşən əqli cəhətdən qüsurlu uşaqlar üçün 11 nömrəli yardımçı məktəbdə olmuşdur. Uşaqlar və müəllimlər Mehriban xanımı və qızı Leylanı səmimiyyətlə qarşıladılar, gül dəstəsi təqdim etdilər.


Məktəbin direktoru Sezar Qocayev məlumat verdi ki, 1937-ci ildən fəaliyyət göstərən yardımçı məktəbin özündə 64 şagird təhsil alır, 336 uşağa isə evlərində xidmət göstərilir. Onların təlim-tərbiyə işləri ilə 102 müəllim məşğul olur. Dərsdən sonra uşaqlar burada xarrat, çəkməçi və tikişçi peşələrini öyrənirlər. Ötən ilin dekabrında Xüsusi Olimpiya Komitəsinin əqli cəhətdən zəif uşaqlar arasında keçirdiyi basketbol yarışında məktəbin şagirdləri birinci yeri tutmuşlar.

 

Mehriban xanım ayrı-ayrı sinif otaqlarına baxdı, dərs prosesini izlədi, uşaqların təhsil səviyyəsi, yeməyi, yaşayış şəraiti ilə maraqlandı, onların əl işlərindən ibarət sərgiyə və "Uğurlu siyasətin qoşa qanadları" adlı guşəyə baxdı. O, məktəb binasının əsaslı şəkildə yenidən qurulması, problemlərin həlli istiqamətində rəhbərlik etdiyi Fond tərəfindən lazımi tədbirlərin görüləcəyini vurğuladı.

 

Hörmətli qonağa təşəkkür edən müəllimlər Mehriban xanımın məktəbə gəlişinin uşaqların böyük sevincinə səbəb olduğunu söylədilər, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.


FOTO

Paylaş: