0.jpg
1 fevral 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şüvəlan qəsəbəsindəki zəifeşidən və sonradan karlaşmış uşaqlar üçün respublika xüsusi internat məktəbində olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Fondun hazırladığı Bakı şəhərinin internat məktəbləri və uşaq evləri ilə tanışlıq üzrə dördmərhələli proqramın ikinci mərhələsi çərçivəsində fevralın 1-də paytaxtın Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsindəki zəifeşidən və sonradan karlaşmış uşaqlar üçün respublika xüsusi internat məktəbində olmuşdur.


Uşaq evləri və internat məktəbləri haqqında məlumatlar toplanıb Heydər Əliyev Fondunda təhlil edilir və bunların əsasında beşillik "Uşaq evlərinin və internat məktəblərinin inkişafı" Proqramı hazırlanacaqdır. Proqram əsasında təhsil, səhiyyə, humanitar və digər sahələri əhatə edən müxtəlif tədbirlər reallaşdırılacaqdır. Əgər resurs mərkəzinə zərurət olsa, onun da yaradılması nəzərdə tutulmuşdur. Orada uşaq evləri və internat məktəblərinin təminat məsələsinə baxılması və kütləvi tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bütün bunlar Fondun prezidenti Mehriban xanımın şəxsi təşəbbüsüdür.


Uşaqlar və müəllimlər Mehriban xanımı məktəbdə səmimiyyətlə qarşıladılar, ona gül dəstəsi təqdim etdilər. Məktəbin direktoru Akif Yusifzadə məlumat verdi ki, 1962-ci ildən fəaliyyət göstərən xüsusi məktəbdə 180-dən çox şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 66 müəllim məşğul olur. Moskvada yaşayan soydaşımız, xeyriyyəçi Gülağa Qənbərovun təşəbbüsü ilə 2003-cü ildə məktəbin bir korpusu sökülərək, yerində smeta dəyəri 3,5 milyard manat olan, Avropa standartlarına cavab verən üçmərtəbəli yeni korpus tikilmiş və avadanlıqla tam təmin edilmişdir. Yeni korpusun təməli xalqımızın ümummilli lideri Heydər Əliyevin ad günü - mayın 10-da qoyulmuş, bir il sonra, 2004-cü il mayın 10-da tikinti başa çatdırılmışdır. Məktəbin ətrafı yaşıllaşdırılmış və idman meydançası tikilmişdir.


Bərbad vəziyyətdə olan tədris korpusu da yaxın vaxtlarda söküləcək və Moskvada yaşayan soydaşımızın adını daşıyan Xeyriyyə Fondu tərəfindən yaraşıqlı bina inşa olunacaqdır. Onun birinci mərtəbəsində idman kompleksi, hovuz inşa ediləcəkdir. Vaxtilə özü internat məktəbində böyümüş Gülağa Qənbərov bütövlükdə məktəbə 1,5 milyon dollar vəsait ayırmağı nəzərdə tutmuşdur.


Görülən işləri yüksək qiymətləndirən Mehriban xanım Əliyeva məktəbin əvvəlki və indiki vəziyyətini göstərən şəkillərə, tikintinin ikinci mərhələsinin layihəsinə, burada yaradılmış "Azərbaycan dünyaya günəş kimi doğacaq" adlı Heydər Əliyev muzeyinə baxdı, müasir tələblərə cavab verən yeməkxana, yataqxana, duş kabinələri ilə tanış oldu, istilik sistemi ilə maraqlandı, tövsiyələrini verdi.


Məktəbin direktoru bildirdi ki, Xeyriyyə Fondu tərəfindən quraşdırılmış istilik sistemi yaxın vaxtlarda işə düşəcək, yeni yataq dəstləri alınacaqdır.


YUNESKO-nun xoşməramlı səfiri tədris korpusuna da baş çəkdi, burada valideynlərlə görüşdü, qayğıları və problemləri ilə maraqlandı. Onlar xeyirxah təşəbbüsünə görə Mehriban xanıma minnətdarlıqlarını bildirdilər, yeni binada yaradılan şəraitdən, müəllimlərin səviyyəsindən razılıqlarını söylədilər.


Mehriban xanım tədris korpusunda vəziyyətin ağırlığını diqqətə çatdırdı, Azərbaycan və rus bölmələri üzrə ayrı-ayrı siniflərdə şagirdlərin təhsili ilə maraqlandı, dərs prosesini izlədi. Müəllimlər Mehriban xanıma müraciətlə dedilər ki, siz bu gəlişinizlə uşaqlara çox böyük sevinc bəxş etdiniz. Həmişə görürük ki, siz uşaqlara qayğı göstərir, xoş münasibət bəsləyirsiniz.


Səmimi sözlərə görə təşəkkür edən və gördüyü işləri özünün borcu kimi səciyyələndirən Heydər Əliyev Fondunun prezidenti daha sonra şagirdlərlə görüşdü, onlara dərslərində müvəffəqiyyət arzuladı.


FOTO