1.jpg
31 yanvar 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Nizami rayonunda yerləşən kar uşaqlar üçün 1 nömrəli respublika internat məktəbində olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva yanvarın 31-də Bakının Nizami rayonunda yerləşən kar uşaqlar üçün 1 nömrəli respublika internat məktəbində də olmuşdur.

 

Uşaqlar və müəllimlər hörmətli qonağı böyük sevgivə məhəbbətlə qarşıladılar.


Direktor Tanrıverdi Əliyev bildirdi ki, 1967-ci ildən fəaliyyət göstərən məktəbdə ölkəmizin müxtəlif rayon və şəhərlərindən 379 şagird, o cümlədən 165 qız təhsil alır. Onların təlim-tərbiyə işləri ilə 150-dən çox pedaqoji işçi məşğul olur. Məktəbin 200 yerlik yataqxanası da vardır. Məktəbdə dərslər xüsusi təhsil proqramı əsasında keçilir. Təhsil Nazirliyi və rayon icra hakimiyyəti məktəbə lazımi diqqət göstərirlər. Məktəbdə bir həkim və iki tibb bacısı işləyir, uşaqlar vaxtaşırı tibbi müayinədən keçirlər. Mehriban xanım Əliyeva müəllimlərin problemləri ilə də maraqlandı.

 

Onlar bildirdilər ki, elə bir ciddi çətinlik yoxdur. İstərdik ki, təmir işlərinə başlansın, idman salonu yaradılsın. Azərbaycan və rus bölmələri üçün xüsusi dərsliklər hazırlansa da, riyaziyyat, tarix, coğrafiya fənləri üzrə dərsliklərə ehtiyac vardır.

 

Mehriban Əliyeva məktəbin fotoguşəsinə, Heydər Əliyev Fondunun ötən ildə təşkil etdiyi "Dan ulduzu" festivalında ikinci yeri tutmuş məktəb şagirdlərinin fəaliyyətindən bəhs edən stendə, yeni tikilmiş yardımçı sinif otaqlarına, tibb kabinetinə baxdı, şagirdlərin təhsil səviyyəsini öyrənmək üçün Azərbaycan dili və ədəbiyyat siniflərində dərs prosesini izlədi.

 

Fondun prezidentinə məlumat verildi ki, kar uşaqlara dərs keçmək üçün müəllimlər əvvəllər Moskva və Leninqradda hazırlanırdı. Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində yaradılmış fakültədə yüksək ixtisaslı kadrlar hazırlanır. Təəssüf ki, Karlar Cəmiyyətinin maddi bazasının olmaması məktəbi bitirən uşaqların işlə təmin edilməsində çətinliklər yaradır. Bundan əlavə, uşaqların hərb sənətinə marağı böyük olduğu üçün məktəbdə hərbi dərslərin keçilməsi də yaxşı olardı.

 

Şagirdlərin tikiş, toxuma, rəsm işlərinə, kulinariya bacarığına diqqət yetirən Mehriban xanım Əliyeva kar uşaqların şifahi nitqinin formalaşmasına kömək edən cihaz və dərsliklərlə təminatın yaxşılaşdırılması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyini vurğuladı.


FOTO