1 fevral 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Şimal” DRES qəsəbəsində yerləşən A.S.Makarenko adına humanitar təmayüllü internat məktəbində olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva fevralın 1-də Əzizbəyov rayonunun “Şimal” DRES qəsəbəsində yerləşən A.S.Makarenko adına humanitar təmayüllü internat məktəbində də olmuş, 560 şagirdin təhsil aldığı təhsil müəssisəsinin problemləri, şəraiti ilə maraqlanmışdır.


Xeyirxah işlərinə görə Mehriban xanıma minnətdarlığını bildirən direktor Fərhad Zeynalov hörmətli qonağa məlumat verərək dedi ki, 1953-cü ildən fəaliyyət göstərən, 56 müəllimin çalışdığı məktəbdə uşaqların təlim-tərbiyəsi üçün şərait yaradılmışdır. Burada 20 nəfər qaçqın və məcburi köçkün yaşayır və onlar məktəbdə işlə təmin olunmuşlar.


Humanitar fənlərin mükəmməl öyrədilməsi üçün xüsusi proqram hazırlanmışdır. Təhsil Nazirliyi məktəbi dərsliklərlə təmin edir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış Naxçıvanski adına hərbi liseyə uşaqlar buradan rus dilini dərinləşmiş proqram üzrə öyrənib gedirdilər. İndi buna ehtiyac qalmayıb, çünki liseydə dərslər Azərbaycan dilində keçirilir.


Fondun prezidentinə gül dəstəsi təqdim edən 10-cu sinif şagirdi Nərmin Lətifova dedi:


- Hörmətli Mehriban xanım, məktəbimizə xoş gəlmisiniz. Biz sizinlə fəxr edir və minnətdarlığımızı bildiririk. Əminik ki, bu gün yaddaşımızda daim qalacaq və gələcəkdə onu xatırladıqca böyük qürur hissi keçirəcəyik.


11-ci sinif şagirdi Hüseynxan Axundov isə Mehriban xanımı gənclər günü münasibətilə ürəkdən təbrik etdi, ona cansağlığı, uzun ömür arzuladı və ulu öndərimizə həsr etdiyi şeiri oxudu.


Yataqxanada və istirahət otağında yaradılmış səliqə-sahmandan razılığını bildirən YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım əl işləri otağına, idman salonuna baxdı, yeməkxana və mətbəxlə tanış oldu, ingilis dili dərsini izlədi, sambo yarışlarında rayonda birinci yeri tutmuş, əlaçı şagirdlərlə, uşaq təşkilatının üzvləri ilə səmimi görüşdü, onlara uğurlar arzuladı. Bildirildi ki, məktəbin klubunun təmiri üçün Təhsil Nazirliyi tərəfindən 145 milyon manat ayrılmışdır, yaxın vaxtlarda işə başlanacaqdır.