1 fevral 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbində olub

Fevralın 1-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Əzizbəyov rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbində də olmuş, 169 şagirdin təhsil aldığı məktəbin problemləri, şəraiti ilə maraqlanmışdır.


Mehriban xanımı hörmət və ehtiramla qarşılayan şagirdlər və müəllimlər məktəbə gəldiyinə görə ona minnətdalıqlarını bildirdilər.


Fondun prezidenti məktəbin problemləri ilə maraqlandı.


36 tərbiyəçinin çalışdığı məktəbin direktoru İlham Ağayev bildirdi ki, bir neçə il əvvəl dam örtüyü təmir olunsa da, işlər keyfiyyətsiz görülmüşdür. İşıq, su daim olsa da, qaz sarıdan çətinliklər mövcuddur.


Direktor tədris prosesindən də danışaraq dedi ki, burada xüsusi dərslər keçilir. Şagirdlərin 134 nəfəri yataqxanada yaşayır. Loqoped otağında uşaqlarla fərdi məşğul olunur və müəllimlər Moskva Pedaqoji İnstitutunu bitirmiş ali təhsilli kadrlardır.


Mehriban xanım Əliyeva dərsliklərlə, tədris, təlim-tərbiyə prosesi ilə maraqlandı, ayrı-ayrı siniflərdə şagirdlərlə səmimi görüşərək, onların bilik səviyyəsinə xüsusi diqqət yetirdi, dərslərində uğurlar arzuladı.


Fondun prezidenti daha sonra yataqxana və yeməkxana ilə tanış oldu, yeməyin keyfiyyəti ilə maraqlandı, ərzaq anbarına baxdı. Məktəbdə təmir işlərinin aparılmasının zəruriliyi vurğulandı.


Paylaş: