3 fevral 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki əqli cəhətdən qüsurlu uşaqlar üçün 11 nömrəli yardımçı internat məktəbində olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Fondun hazırladığı Bakı şəhərinin internat məktəbləri və uşaq evləri ilə tanışlıq üzrə dördmərhələli proqramın dördüncü mərhələsi çərçivəsində fevralın 3-də paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki əqli cəhətdən qüsurlu uşaqlar üçün 11 nömrəli yardımçı internat məktəbində olmuşdur.

 

Uşaqlar və müəllimlər Mehriban xanımı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.


Məktəbin direktoru Mehparə Cəfərova bildirdi ki, 1940-ci illərdə tikilib istifadəyə verilən bina indiyədək əsaslı təmir olunmamışdır. Pilot dərslərinin keçirilməsi üçün Fransanın "Total" neft şirkəti tərəfindən 10 sinif otağından ibarət yardımçı bina inşa olunmuşdur. Burada sağlam və xəstə uşaqların adaptasiyası üçün şərait yaradılmışdır. 396 şagirdin oxuduğu və 56 müəllimin çalışdığı məktəbin təmirlə bağlı ciddi problemləri vardır.

 

Mehriban xanım ayrı-ayrı sinif otaqlarına baxdı, dərs prosesini izlədi, uşaqların təhsil səviyyəsi, idman salonu, tikiş, dərzilik, xalçatoxuma və əmək təlimi emalatxanası, yataqxana, yeməkxana ilə tanış oldu, uşaqların əl işlərinə baxdı. O, məktəb binasının təmiri ilə bağlı problemlərin həlli üçün lazımi tədbirlərin görüləcəyini vurğuladı.