01.jpg
2 fevral 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Mərdəkan qəsəbəsindəki yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva fevralın 2-də Bakının Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsindəki yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinə getmişdir.

 

Uşaqlar hörmətli qonağı böyük məhəbbətlə qarşıladılar.

 

Məktəbin direktoru Kamran Hacıyev məlumat verdi ki, burada 53 pedaqoji işçi 299 uşağın təlim-tərbiyəsi ilə məşğul olur. Yerli İcra hakimiyyəti tərəfindən vaxtaşırı kömək göstərilsə də, binanın təmirə ehtiyacı vardır, vəsait də azlıq edir. Burada bir uşağa gündəlik 7500 manatlıq yemək verilir ki, bu da azdır. İstilik sistemi bərbad vəziyyətdədir.

 

Bildirildi ki, ümumiyyətlə, Əzizbəyov rayonunda olan bu tipli 41 məktəbin təmirinə keçən il 600 milyon manat (təqribən hər birinə 15 milyon) vəsait ayrılmışdır. Bununla cari təmir işləri aparılsa da, əsaslı iş görməyə kifayət etmir. Yataqxana binaları darısqallıq edir.

 

Fondun prezidenti məktəbin xüsusi təhsil proqramı ilə maraqlandı, ayrı-ayrı sinif otaqlarını, yataqxana binalarını, yeməkxana və mətbəxi gəzərək, vəziyyətlə ətraflı tanış oldu.


FOTO