Fevralın 2-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Bakının Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsindəki ciddi tərbiyə şəraitinə ehtiyacı olan oğlanlar üçün xüsusi məktəbdə olmuşdur.
Hörmətli qonağı məktəbdə gül-çiçəklə qarşıladılar.
124 şagirdin təhsil aldığı, 26 tərbiyəçinin çalışdığı məktəbin direktoru Nadir Əhmədov Mehriban xanıma məlumat verərək dedi ki, 3 korpusdan ibarət bu təhsil ocağı indiyədək təmir olunmamışdır. Keçən il ayrılan vəsait hesabına yataqxananın bir hissəsi təmir olunsa da, vəsait çatışmadığına görə işlər yarımçıq qalmışdır.
Mehriban xanım Əliyeva II-IX siniflərdə şagirdlərin təhsili ilə maraqlandı, idman salonu, kitabxana, tibb məntəqəsi, yataqxana, yeməkxana və mətbəxlə tanış oldu, yeməyin keyfiyyəti ilə maraqlandı, ərzaq məhsullarının saxlandığı anbara baxdı.
Söhbət zamanı məktəbdə şəraitin yaxşılaşdırılması üçün mühüm işlərin görülməsinin zəruriliyi, binanın əsaslı təmirə ehtiyacının olması xüsusi vurğulandı.