3 fevral 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Suraxanı qəsəbəsindəki əqli cəhətdən qüsurlu uşaqlar üçün 7 nömrəli internat məktəbində olub

Fevralın 3-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Suraxanı qəsəbəsindəki əqli cəhətdən qüsurlu uşaqlar üçün 7 nömrəli internat məktəbində olmuşdur. Fondun prezidenti sinif otaqları, akt və idman salonları, yataqxana, yeməkxana və mətbəxlə tanış oldu. Əl işlərindən ibarət sərgiyə baxdı, yeməklərin keyfiyyəti ilə maraqlandı.


Direktor Qabilə Bağırova bildirdi ki, məktəbin 326 şagirdi, 67 pedaqoji işçisi vardır. Əmək dərslərinə ciddi fikir verilir. Uşaqlar IX sinfi bitirdikdən sonra Əhmədli qəsəbəsində yerləşən 1 nömrəli peşə məktəbinə göndərilirlər. Direktor məktəbdə qızdırıcı sistemin alayarımçıq işlədiyini də xatırlatdı. Mehriban xanım problemlərin həlli üçün tədbirlər görüləcəyini söylədi.

 

Məktəbə gəlməsindən xatirə olaraq, Fondun prezidentinə hədiyyə təqdim edildi.