Fevralın 3-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Nəsimi rayonundakı 1 nömrəli körpələr evində olmuşdur.
Diqqət və qayğıya, balacalara baş çəkdiyinə görə hörmətli qonağa təşəkkür edən körpələr evinin direktoru Nəhayət Əliyeva bildirdi ki, burada 46 kimsəsiz uşağa yüksək səviyyədə qulluq edilməsi üçün Səhiyyə Nazirliyi və yerli İcra hakimiyyəti tərəfindən hər cür kömək göstərilir. Müxtəlif humanitar təşkilatların da köməyi vardır. Uşaqlara 3 yaşadək burada baxılır.
Yataq, müayinə otaqlarında balacalara baş çəkən Mehriban xanım Əliyeva onlara əsil valideyn sevinci bəxş etdi, Fatimə və Zəhra əkiz bacılarını, digər körpələri qucağına alaraq bağrına basdı, ana nəvazişindən məhrum olan fidanların qidalanması, müayinəsi, sağlam böyümələri üçün yaradılmış şəraitlə tanış oldu.
YUNESKO-nun xoşməramlı səfiri görülən işlərdən razılığını vurğulayaraq, kimsəsiz uşaqların gələcəkdə cəmiyyətdə layiqli yerlərini tutmaları üçün bundan sonra da hər cür tədbirlərin görüləcəyini bildirdi.