27 may 2005

Heydər Əliyev Fondu Şamaxıdakı internat orta məktəbinə və məcburi köçkünlərə qayğı göstərir

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun həyata keçirdiyi "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində Şamaxı rayonunda olmuşdur.


Xatırladaq ki, Prezident İlham Əliyevin aprelin 26-da Şamaxıya səfəri zamanı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Şamaxı şəhərindəki orta internat məktəbinin və onun yataqxanasında məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ilə tanış olmuş, mövcud problemlərin tezliklə həll edilməsinə kömək göstəriləcəyini bildirmişdi.

 

Məktəbdə görülən işlərlə maraqlanan icraçı direktor Fondun prezidenti Mehriban Əliyevanın 28 May - Respublika günü münasibətilə təbrikini müəllim və şagirdlərə çatdırdı. Sinif otaqları üçün partaları, yazı lövhələrini və digər zəruri ləvazimatları təqdim etdi, bildirdi ki, məktəbin binası, o cümlədən idman salonu əsaslı təmir olunacaq və zəruri avadanlıqlarla təmin ediləcək, yaxın günlərdə məktəbə kompüter dəstləri veriləcəkdir.

 

Məcburi köçkünlərin yaşadıqları yataqxanada Fondun vəsaiti hesabına işlər görülür, indiyədək binanın dam örtüyü tamamilə dəyişdirilmişdir. Nəzərdə tutulan digər işlər də vaxtında başa çatdırılacaqdır. Köçkün soydaşlarımız icraçı direktordan Fondun prezidenti Mehriban xanıma onların minnətdarlığını çatdırmağı xahiş etdilər.

 

Şamaxıdakı Mədəni-Maarif Texnikumunun həyətində tikintisi yarımçıq qalmış yataqxananın yerində yaxın vaxtlarda yeni yaşayış binası ucaldılacaq, Şamaxıda məskunlaşan və təzə ailə quran, eləcə də yaşayış şəraiti ağır olan qaçqın-köçkünlərə mənzil veriləcəkdir.


Paylaş: