0.JPG
19 may 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Gəncə və Goranboyda uşaq tərbiyə müəssisələrində olub

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun fəaliyyətində kimsəsiz və valideyn himayəsindən məhrum, əqli və fiziki cəhətdən zəif uşaqlara qayğı, onların təlim-tərbiyə aldıqları internatların və digər xüsusi məktəblərin müasir tələblər səviyyəsində yenidən qurulması aparıcı istiqamətlərdən biridir. Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva özü bu işlərə xüsusi diqqət yetirir və müvafiq tədbirlər görülməsinə daim nəzarət edir. Mehriban xanım Azərbaycan Prezidentinin Gəncə və Goranboya səfəri çərçivəsində fürsət tapıb təlim-tərbiyə müəssisələrində olmuşdur. Onun Səhiyyə Nazirliyinin Gəncədəki körpələr evinə gəlişi qəfil olsa da, həm uşaqların, həm də tərbiyəçilərin sonsuz sevincinə səbəb oldu.


Yeni təmir olunmuş binadakı səliqə-sahman, körpələrə qulluq xoş təsir bağışladı. Bununla belə, Mehriban xanım problemlərlə də maraqlandı, əsasən atılmış uşaqların olduğu körpələr evinin bütün ehtiyaclarını ödəmək üçün Fondun imkanlarından istifadə ediləcəyini bildirdi. Xatırladaq ki, Fondun prezidenti hələ Gəncəyə gəlməmişdən qabaq buradakı uşaqlara hədiyyələr göndərmişdi.


Təhsil Nazirliyinin Gəncədəki uşaq evində isə 3 yaşından 15 yaşınadək 109 uşaq tərbiyə alır. Burada da son vaxtlar təmir işləri aparılıb, səliqə-sahman yaradılmışdır.

 

Uşaqların təlim-tərbiyəsi, qidalanma rejimi ilə maraqlanan Fondun prezidentinə məlumat verildi ki, tərbiyə ocağının heç bir çətinliyi yoxdur. Mehriban xanım uşaqlarla şəkil çəkdirdi, bu tərbiyə müəssisəsi ilə də müntəzəm maraqlanacağını bildirdi.

 

Goranboydakı Rəsul Atakişiyev adına internat əsas məktəbdə Mehriban xanım Əliyevanı öz doğmaları kimi qarşıladılar. Məktəblə tanışlıq zamanı Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki, bu təlim-tərbiyə ocağı ötən il Avropa Birliyinin vəsaiti hesabına əsaslı təmir olunmuş, yeni yeməkxana tikilmişdir. Mehriban xanım sinif otaqlarını gəzərək, dərs prosesini izlədi, uşaqların necə qidalanması ilə maraqlandı. Buradakı şəraitdən razılığını bildirən Mehriban xanım məktəbə kompüter dəstləri bağışlayacağına söz verdi.


FOTO