1 sentyabr 2005

Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən Poladlı kənd məktəbi istifadəyə hazırdır

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq Qobustan rayonunun Poladlı kəndində inşa edilən məktəb binasının tikintisi başa çatmışdır. 


14 sinifdən, müəllimlər otağı, direktor kabineti, kitabxanadan ibarət geniş, yaraşıqlı binanı inşaatçılar yüksək keyfiyyətlə tikmişlər. Bunu məktəbə baxış keçirən layihəçilərdən ibarət qrup da təsdiq etmiş, məktəbin Proqram üzrə tikintisi tam başa çatan birinci obyekt olduğunu bildirmişlər.


Tikinti işlərində yerli sakinlər də yaxından iştirak etmişlər. Smeta dəyəri 675 milyon manat olan 200 yerlik məktəbdə Fondun vəsati hesabına təzə avadanlıq da alınıb quraşdırılır.


1400 nəfər sakini olan bu ucqar dağ kəndinin 324 şagirdi yeni dərs ilini təzə məktəbdə qarşılayacaqdır. 1951-ci ildən əlverişsiz binada fəaliyyət göstərən Poladlı məktəbi 15 sentyabrdan özünün ikinci ömrünü yaşamağa başlayacaqdır.


Kənd sakinləri, müəllim və şagirdlər bu xeyirxah qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.