002.jpg
7 sentyabr 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonundakı 1 saylı körpələr evinin açılış mərasimində iştirak edib

Sentyabrın 7-də Bakının Nəsimi rayonundakı 1 saylı körpələr evinin Heydər Əliyev Fondunun vəsaiti hesabına aparılmış əsaslı təmirvə yenidənqurma işlərindən sonra təntənəli açılış mərasimi olmuşdur. Tərbiyəçilər, ətraf məhəllələrin sakinləri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı böyük səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.


Mehriban xanım Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin binanın foyesindəki portreti önünə gül dəstəsi qoydu.


1930-cu ildə tikilmiş bina uzun illər təmir edilmədiyinə görə, əslində, yararsız hala düşmüşdü. Mehriban xanım bu ilin fevralında binanın vəziyyəti ilə tanış olduqdan sonra Fondun vəsaiti hesabına əsaslı təmir işlərinə başlamağı tövsiyə etdi. Ötən müddətdə bina əslində təzədən tikildi. Damdan tutmuş zirzəmiyədək hər yer təzələndi, yeni istilik, su, qaz, işıq xətləri çəkildi, həyət abadlaşdı, hətta, ətraf binalarda, yollarda da təmir işləri görüldü. Körpələr evi müasir avadanlıqla da komplektləşdirildi.


Körpələr evinin müdiri Nəhayət Əliyeva bildirdi ki, burada valideyn himayəsindən məhrum, atılmış 3 yaşa qədər 67 uşaq böyüyür. Onlar müntəzəm olaraq tibbi müayinədən keçirilir, hamısı sağlamdır.


Körpələr evinin yataq, ictimai iaşə, tibbi müayinə, laboratoriya, fiziki tərbiyə otaqlarını gəzən Fondun prezidenti təmirin, avadanlığın keyfiyyətinə xüsusi diqqət yetirdi, hər uşağa ayrılan yemək norması, səhiyyə xidmətinin təşkili, ərzaq təminatının vəziyyəti ilə maraqlandı, qaldırılan məsələlərin həllinə lazımi kömək göstəriləcəyini bildirdi.


Mehriban xanım Əliyeva ötən dəfəki gəlişində körpələr evinə təzəcə verilmiş Orxanın o zaman sınmış pəncəsinin indi tam sağaldığını öyrənib xeyli sevindi, əkiz bacılar Fatimə və Zəhranın səhhəti ilə maraqlandı.


Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Tahir Quliyev rayon ərazisindəki internat məktəbləri və uşaq evlərində Mehriban xanımın təşəbbüsü ilə və Fondun vəsaiti hesabına aparılan təmir işlərindən danışdı, Fondun fəaliyyətinin rayon sakinləri tərəfindən razılıqla qarşılandığını bildirdi.


İki yaşı tamam olan Günelin ad günü isə əsil bayram şənliyinə çevrildi. Hətta, valideyninin kimliyi də bəlli olmayan bu gözəl balanın şərəfinə hazırlanmış, üzərində qoşa şam yanan tort, şən musiqi altında ifa edilən rəqslər, oxunan mahnılar körpələrin hamısına sevinc bəxş etdi. Fidan balaların sevincinə ürəkdən qoşulan Mehriban xanım, qızı Arzu öz əlləri ilə Günelə və həmyaşıdlarına tortlar, şirniyyatlar yedizdirdilər.


Fondun əməkdaşları uşaqlara üzərində Heydər Əliyev Fondunun loqosu həkk edilmiş hədiyyələr, oyuncaqlar, ərzaq paketləri verdilər. Bu təsirli səhnədən mütəəssir olan tərbiyəçi müəllimlər Mehriban xanıma, ömür-gün yoldaşı, Azərbaycan Prezidenti İlham Əliyevə ən xoş arzu və diləklərini bildirdilər, Fondun prezidentinin respublikamızdakı uşaq evlərinə, internat məktəblərinə əsil analıq qayğısı göstərməsini yüksək qiymətləndirdilər, bu qayğı və diqqətdən minlərlə ailəyə sevinc, təsəlli payı düşdüyünü dedilər. Onlar ürəkdən gələn səmimiyyətlə günün bir hissəsini körpələrlə keçirdiyinə görə Mehriban xanıma dərin təşəkkürlərini çatdırdılar.


Körpələr evinin salonunda qoyulmuş televizorda ulu öndər Heydər Əliyevin üç il əvvəl uşaqlarla keçirdiyi görüşün videolentindən fraqment göstərildi, ümummilli liderimizin bu sözləri səsləndi: "Sizin hamınız mənim balamsınız, sizi öz balam kimi sevirəm, sizi öz balam hesab edirəm. Azərbaycanın uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir, ümididir".


Mehriban xanım Əliyeva körpələr evinin kollektivinə ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin vəsiyyətlərini, ideyalarını unutmamağı, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqəti artırmağı, öz vəzifələrinin necə şərəfli, məsuliyyətli, savab iş olduğunu dərk etməyi xahiş və tövsiyə etdi. Eyni zamanda, Heydər Əliyev Fondunun işləyib hazırladığı "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində görülən işlərin bundan sonra da davam edəcəyini vurğuladı.


Mehriban xanım kollektiv üzvləri ilə birlikdə ulu öndər Heydər Əliyevin portreti önündə xatirə şəkli çəkdirdi.


FOTO

Paylaş: