15 sentyabr 2005

Heydər Əliyev Fondu məcburi köçkün məktəblilərinin "Bilik günü"nü təbrik edib

Sentyabrın 15-də Heydər Əliyev Fondunun nümayəndələri Sabirabad və Biləsuvar rayonları ərazisində məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdəki məktəblərdə olmuş, şagirdləri "Bilik günü" münasibətilə təbrik etmiş, ilk dəfə birinci sinfə gedənlərə hədiyyələr vermişlər.


"Bilik günü"nə həsr olunmuş mərasimdə Sabirabad Rayonu İcra Hakimiyyəti başçısının müavini Vəfadar Bağırov, 27 nömrəli məktəbin direktoru Ülkər Hüseynova, Dəmşalaq kənd məktəbinin direktoru Cəlal Quliyev, valideyn Südabə Əliyeva çıxış edərək bildirdilər ki, bütün sahələrdə olduğu kimi, təhsil sistemində də Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Onun 2004-cü il 21 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı" ölkəmizdə yeni informasiya texnologiyalarından istifadə edilməklə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Natiqlər xüsusi vurğuladılar ki, Azərbaycanda təhsilin inkişafında, xüsusilə məktəb tikintisində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın diqqətəlayiq xidmətləri var. Onun təşəbbüsü ilə qəbul olunmuş "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı uğurla həyata keçirilir.


Çıxış edənlər gənc nəslin təlim-tərbiyəsinə qayğı və diqqətə görə ölkə Prezidenti İlham Əliyevə və onun xanımına təşəkkürlərini bildirdilər.


Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov mərasim iştirakçılarına Mehriban xanımın səmimi salamlarını çatdıraraq dedi ki, Fondun vəsaiti ilə müxtəlif regionlarda tikilən 132 məktəbin 100-ü bu gün istifadəyə verilir. Əməkdaşlarımız köçkün məktəblilərlə görüşməyi açılış mərasimlərində iştirak etməkdən üstün tutaraq buraya gəlmişlər. Bu, Mehriban xanımın istəyidir. Qalaqayına səfərlərimiz ənənə halını almışdır, keçənilki "Bilik günü"ndə də burada olmuşduq.


İcraçı direktor məktəbliləri, pedaqoji kollektivləri yeni dərs ilinin başlanması və "Bilik günü" münasibətilə təbrik etdi.


Bu il birinci sinfə gedən uşaqlara Fondun adından şagird çantaları və dərs ləvazimatı, Dövlətqaçqınkomun adından isə məktəbli geyimləri hədiyyə olundu. Məktəb kitabxanalarına Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən kitab bağışlanıldı.


Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev yeni dərs ilinin ilk günü - "Bilik günü"ndə məcburi köçkünlərin övladlarını sevindirdiyi üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi, cəbrayıllıların onu Biləsuvardakı qəsəbələrdə görmək arzusunda olduqlarını söylədi.


Digər çıxış edənlər də Fondun rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və Mehriban xanımı qonaq dəvət etdilər.


Fondun icraçı direktoru Anar Ələkbərov məktəbliləri "Bilik günü" münasibətilə təbrik etdi, təhsilin, səhiyyənin və digər sahələrin inkişafına Fondun yardımından, həyata keçirilən proqram və layihələrdən danışdı. Fondun ən mühüm layihələrindən olan "Azərbaycan" internet portalı haqqında ətraflı məlumat verərək bildirdi ki, layihənin məqsədi beynəlxalq aləmdə ölkəmiz haqqında tam, həqiqi və dolğun təsəvvür yaratmaq, Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçılıq müharibəsinin tarixi kökləri, erməni terrorizmi və ermənilərin azərbaycanlılara qarşı yeritdikləri soyqırımı siyasəti haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Bundan əlavə, Fond Qarabağın tarixinə dair sanballı kitab çap etdirmiş, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və s. haqqında ingilis dilində kitabçalar hazırlamışdır.


Birinci sinif şagirdlərinə Fondun və Dövlətqaçqınkomun hədiyyələri, məktəbin kitabxanasına isə Heydər Əliyev Fondu haqqında nəşr təqdim olundu.


Qonaqlar qəsəbədəki uşaq bağçasında, istirahət parkında və 1 nömrəli sahə xəstəxanasında da oldular.