0.jpg
3 iyun 2005

Heydər Əliyev Fondunda “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının təqdimatina həsr olunmuş dəyirmi masa keçirilib

İyunun 3-də Heydər Əliyev Fondunda "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Respublika hökumətinin, xarici ölkələrin səfirliklərinin, beynəlxalq humanitar təşkilatların və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri açan Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri MEHRİBAN ƏLİYEVA dedi ki, bu gün biz Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının təqdimatına toplaşmışıq. Bu proqramın adı onun mahiyyətini əks etdirir. Ölkəmizdə günbəgün yeniləşmə gedir. Son zamanlar həm paytaxtımızda, həm bölgələrdə görülən işlər buna əyani sübutdur. Bu yeniləşmə təhsil sistemində də getməlidir. Azərbaycanın gənc nəsli biliyə, müasir texnologiyalara, elmə yiyələnməli, dünya təhsil sisteminə inteqrasiya olunmağı bacarmalıdır. Hazırlanmış proqramdan da əsas məqsəd ölkəmizin hər bir gəncini daha bilikli, bacarıqlı, geniş dünyagörüşlü görməkdir. Amma biz böyüyən nəslin qarşısında belə tələblər qoyarkən, münasib şərait də yaratmağa borcluyuq.


Mehriban xanım xatırlatdı ki, son zamanlar Heydər Əliyev Fondu tərəfindən uşaq evləri və internat məktəblərində əsaslı təmir və yenidənqurma işləri görülür və bunlar onu göstərir ki, bu sahədə qısa müddətdə dönüş yaratmaq mümkündür. Proqram hazırlanarkən Azərbaycanın kənd məktəblərinin maddi-texniki bazasının vəziyyəti ətraflı öyrənilmişdir. Çox yaxşı, nümunəvi məktəblərimizlə yanaşı, acınacaqlı vəziyyətdə olan məktəblər də var.


Biz ölkə üzrə vəziyyəti çox ağır hesab olunan 132 məktəb müəyyən etmişik. Bu məktəblərin hər birində videoçəkiliş aparılıb və bu material indi sizə təqdim olunacaqdır. Problemin həllinin ən yaxşı variantı bu ola bilər ki, həmin məktəblərin binaları qarşıdan gələn tədris ilinin əvvəlinədək yenidən tikilsin. Bunlar 100, 200 və 400 yerlik məktəblər olacaqdır. Nəzərdə tutulmuşdur ki, bunlar hamısı birmərtəbəli tikilsin. Fond tərəfindən artıq bu binaların layihələri sifariş edilib və bu gün sizə təqdim olunur.


Sonra həmin məktəblərdə çəkilmiş videokadrlar nümayiş etdirildi.


Baş nazirin müavini Abid Şərifov, təhsil naziri Misir Mərdanov, ABŞ-ın ölkəmizdəki səfirinin xanımı Lesli Harniş, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsotti, Azərdövlətsənayelayihə İnstitutunun direktoru, əməkdar memar Elkin Ələsgərov müzakirələrdə çıxış edərək, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın cəmiyyətin, müvafiq dövlət strukturlarının, imkanlı vətəndaşlarımızın, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin diqqətini respublikamızın ümumtəhsil məktəblərindəki vəziyyətə, mövcud problemlərin həllinə yönəltməsinin əhəmiyyətini vurğuladılar, onun bu sahədəki fəaliyyətini yüksək qiymətləndirdilər, müzakirəyə çıxarılmış proqram barədə öz fikirlərini bildirdilər.


Mehriban xanım Əliyeva məzmunlu keçən müzakirələrə yekun vuraraq dedi ki, göründüyü kimi, vəziyyət həqiqətən də ciddidir və qaldırılan məsələlər, verilən təkliflər nəzərə alınacaqdır. Sabahdan Proqramın icrasına başlayan Fond məktəblərin bir hissəsini öz vəsaiti hesabına tikdirəcəkdir, bütün lazımi avadanlıqla təmin edəcək, sentyabrın 15-dək istifadəyə verəcəkdir.


Mehriban xanım Azərbaycanda fəaliyyət göstərən hər bir təşkilata, beynəlxalq qurumlara, şirkətlərə, iş adamlarına müraciət edərək, bu mühüm işdə Fondla əməkdaşlığa dəvət etmişdir. Bildirmişdir ki, indi göstərilən videokadrlar, hazırlanmış 132 layihənin hamısı Heydər Əliyev Fondunun veb-saytında yerləşdirilmişdir. Bu xeyirxah işdə iştirak etmək istəyənlər yaxın iki həftə ərzində Fonda müraciət edə bilərlər.


FOTO