024.JPG
11 oktyabr 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Sabunçu rayonundakı məktəblərdə olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva oktyabrın 11-də Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 nömrəli internat məktəbində Heydər Əliyev Fondunun vəsaiti hesabına aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.


Fondun prezidenti ümummilli liderimiz Heydər Əliyevin məktəbin foyesindəki büstü önünə tər qərənfillər qoydu.


1961-ci ildə tikilmiş məktəb binası uzun illər təmir edilmədiyinə görə, əslində yararsız hala düşmüşdü. Mehriban xanım bu ilin fevralında vəziyyətlə tanış olduqdan sonra burada Fondun vəsaiti hesabına əsaslı təmir işləri aparılacağını bildirmişdi. İndi təmir və yenidənqurma işləri tam başa çatmışdır. Məktəbin tədris korpusu, yataqxana binası, yeməkxanası, tibbi yardım kabinələri müasir avadanlıqla da komplektləşdirilmişdir. İdman salonu və meydançaları, üzgüçülük hovuzu, əyləncə mərkəzi, istirahət guşələri də tamamilə yenidən qurulmuşdur. "İnternat keçmişdə və indi" fotoguşəsi əvvəlki və indiki vəziyyəti əyani əks etdirir.


Direktor Mehparə Cəfərova məlumat verdi ki, hazırda məktəbdə 480 uşaq təlim-tərbiyə alır, 53 müəllim və tərbiyəçi, 51 xidmətçi çalışır. Məktəbin 1-5-ci siniflərində əqli cəhətdən zəif inkişaf etmiş uşaqlarla sağlam uşaqlar bir yerdə təhsil alır. Bu pilot layihə öz müsbət nəticəsini verir, uşaqlara xeyirxahlıq, bir-birinə təmənnasız kömək, yardım etmək kimi keyfiyyətlər aşılanır. Burada əmək təlimi dərslərinə xüsusi diqqət yetirilir. Dülgərlik, xalçaçılıq, tikiş və s. dərnəklər uşaqların müxtəlif peşələrə yiyələnməsinə imkan verir.


Mehriban xanım uşaqların əl işlərinə tamaşa etdi, ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycanın Milli Qəhrəmanlarına, tanınmış ədəbiyyat, incəsənət xadimlərinə həsr olunmuş fotoguşələrə baxdı. Bu məktəbin şagirdlərinin əl işləri, Macarıstan, Yaponiya, Slovakiya, İrlandiya, Türkiyədə müxtəlif idman yarışlarında qazandıqları medallar, diplomlar, fəxri fərmanlar böyük maraq doğurdu.


Məktəblə yaxından tanış olan Fondun prezidenti təlim-tədris prosesinə xüsusi diqqət yetirdi, uşaqların bilik və bacarıqlarını yüksək qiymətləndirdi. Xalça toxuyan qızlar öz hədiyyələrini - Mehriban xanımın portretinin toxunduğu xalçanı ona təqdim etdilər. Bu hədiyyədən çox mütəəssir olan Mehriban xanım onu unudulmaz xatirə kimi saxlayacağını bildirdi.


Kompüteri öyrənən uşaqlar dahi şəxsiyyət Heydər Əliyevə, Azərbaycan Prezidenti İlham Əliyevə, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanıma öz hörmət və məhəbbətlərini kompüterdə yazdıqları sözlərlə ifadə etdilər.


Müəllimlər otağında keçirilən qısa görüşdə 45 illik pedaqoji staji olan Müzafəddin Mirzəbəyov kollektivin yekdil fikrini ifadə edərək dedi ki, bu şəhərcik əslində yeni tikilmiş təhsil və səhiyyə kompleksidir. Burada hər şey təzədir. Sakinlər, valideynlər, müəllim və uşaqlar yaxşı bilir ki, bütün bunlar Mehriban xanımın şəxsi təşəbbüsü, qayğısı ilə başa gəlmişdir. Hamımız Mehriban xanımın respublikamızdakı uşaq evlərinə, internat məktəblərinə əsil analıq qayğısı göstərməsini yüksək qiymətləndiririk, bu qayğı və diqqətdən minlərlə ailəyə sevinc, təsəlli payı düşdüyünü bilirik. Kollektivin üzvləri yenidən bu məktəbə gəldiyinə, uşaqlara və müəllimlərə sonsuz sevinc bəxş etdiyinə görə Mehriban xanıma dərin təşəkkürlərini bildirirlər.


Mehriban xanım Heydər Əliyev Fondunun işləyib hazırladığı "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirdi, görülən işlərə, deyilən xoş sözlərə görə razılığını ifadə etdi, xeyirxah, savab əməl sahiblərinə ən xoş arzularını yetirdi.


Elə həmin gün Mehriban Əliyeva Fondun təşəbbüsü ilə tikilmiş Pirşağı qəsəbəsindəki 112 nömrəli məktəbdə də oldu.


Qəsəbənin bu ilk və yeganə məktəbinin yaşı 100-dən çoxdur. Ona görə də təzə məktəb inşa edilərkən, üzbəüzdəki köhnə birmərtəbəli təhsil ocağının binası da saxlanmış və təmir edilmişdir.


Təzə bina ilə tanış olan Fondun prezidentinə məlumat verildi ki, 514 şagirdin təhsil aldığı məktəbin 14 sinif otağı, kompüter, fənn kabinetləri, geniş idman və akt salonları var və hamısı təzə avadanlıqla təmin edilmişdir. Məktəb kitabxanası ilə yaxından maraqlanan Mehriban xanımın sualına cavab olaraq bildirildi ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, latın əlifbası ilə nəşr edilən kitabların əksəriyyətindən kitabxanaya da verilib, şagirdlərə bütün dərsliklər pulsuz paylanır, çatışmayan dərslik yoxdur, kitabxanada qəzet-jurnal nüsxələri də toplanır.


Mehriban xanım tədrisin vəziyyəti, şagirdlərin mənimsəmə səviyyəsi ilə də maraqlandı, müəllim və şagirlərlə söhbət etdi, müəllimləri peşə bayramları münasibətilə təbrik etdi.


Məktəbin həyətinə toplaşan valideynlər uzun illərdən bəri onları ciddi narahat edən problemin həllinə göstərdiyi qayğıya, təzə məktəb binasının tikintisinə görə Mehriban xanıma minnətdarlıq etdilər.


Heydər Əliyev Fondunun prezidenti Xəzərin sahilində təmiz havası, münbit torpağı, təbii gözəllikləri olan Pirşağının turizm, kurort-sanatoriya imkanlarından indiyədək zəif istifadə edildiyini, bu məsələnin dövlətimizin başçısının da diqqət mərkəzində olduğunu, yaxın vaxtlarda qəsəbədə bu məqsədlə müəyyən tədbirlərin görüləcəyini bildirdi.


"Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində respublikamızda 100-dən çox məktəbin tikilib istifadəyə verildiyini diqqətə çatdıran Mehriban xanım, bu işlərin davam edəcəyini, xalqımızın işıqlı gələcəyi, gənc nəslin təlim-tərbiyəsi üçün bütün imkanlardan istifadə olanacağını vurğuladı, təzə məktəbin inşası münasibətilə pirşağılıları təbrik etdi.


FOTO