8 noyabr 2005

Astara rayonunun Ağkörpü kəndində məktəb istifadəyə verilib

Astara rayonunun Ağkörpü kəndində 220 yerlik yeni məktəb binası istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə ölkəmizdə təhsil və elmin inkişafına göstərilən dövlət qayğısından söhbət açılmışdır. Qeyd edilmişdir ki, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində rayonun bir sıra kəndlərində, o cümlədən Ağkörpüdə qısa müddətdə məktəb binası inşa edilib istifadəyə verilmişdir.

 

Hər cür avadanlıqla təchiz edilmiş məktəbin istifadəyə verilməsi regionlarda elm və təhsilin inkişafına diqqətin bariz nümunəsi kimi qiymətləndirilmişdir.

Tədbirdə çıxış edənlər Heydər Əliyev Fondunun təşəbbüsü ilə bölgələrdə yeni məktəb binalarının inşasını ümummilli liderimizin bu sahədə siyasətinin məntiqi davamı kimi qiymətləndirmişlər. Qeyd edilmişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonda dörd məktəb binası tikilmişdir.

 

Mərasim iştirakçıları yeni məktəblə ətraflı tanış olmuşlar.