28 dekabr 2005

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaxda yeni məktəb binası istifadəyə verilib

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq, Qax rayonunun Turaclı kəndində 200 yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir.


Dekabrın 27-də Turaclı kəndində keçirilən təntənəli mərasimdə rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyev yeni məktəbin istifadəyə verilməsini rayonun elm və mədəni həyatında çox əlamətdar hadisə kimi qiymətləndirmiş, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində gerçəkləşdirilən bu dəyərli hədiyyəyə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya məktəb kollektivi və kənd sakinləri adından dərin minnətdarlığını bildirmişdir.


Mərasimdə Qax rayon icra hakimiyyətinin başçısı Abbas Göyüşov çıxış edərək, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində başladığı məqsədyönlü fəaliyyətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, təhsilimizin inkişafına böyük diqqət və qayğı göstərildiyini xüsusi vurğulamış, məktəb kollektivinə xoş arzularını çatdırmışdır.


Çıxışlardan sonra mərasim iştirakçıları yeni təhsil ocağı ilə yaxından tanış olmuşlar.


Tədbir incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatmışdır.