13 noyabr 2010

Respublika Endokrinoloji Mərkəzinə portatiiv ultrasəs müayinə aparatı hədiyyə olunub

Heydər Əliyev Fondu Yunanıstanın Azərbaycandakı səfirliyi ilə birlikdə Respublika Endokrinoloji Mərkəzinə yod çatışmazlığı xəstəliklərinin aşkar edilməsi üçün portativ ultrasəs müayinə aparatı hədiyyə etmişdir. Noyabrın 13-də bu aparat Mərkəzə təqdim olunmuşdur.


Portativ ultrasəs müayinə aparatı Yunanıstan tərəfindən hədiyyə edilmiş ikinci tibbi avadanlıqdır. İlk belə aparat Şəki mərkəzi rayon xəstəxanasının laboratoriyasında quraşdırılmışdır.

 

Yunanıstanın Azərbaycandakı səfiri İonannis Metaksas Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirərək yod çatışmazlığı diaqnozundan əziyyət çəkənlərin müayinəsi üçün nəzərdə tutulan bu aparatın simvolik xarakter daşıdığını demişdir. Diplomat vurğulamışdır ki, bu cür əməkdaşlıq ölkələrimiz arasında münasibətlərin yaxın olmasından xəbər verir.

 

Respublika Endokrinoloji Mərkəzinin rəhbəri Rauf Cabbarov Azərbaycanda tibb sahəsinin yüksək səviyyədə inkişafını qeyd edərək son illər yod çatışmazlığı ilə bağlı problemlərin azaldığını bildirmişdir. Aparat kiçikhəcmli olduğu üçün onu respublikanın müxtəlif yerlərinə aparmaqla xəstələri həmin yerlərdə də müayinə etmək olar.

 

Tədbirdə vurğulanmışdır ki, 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondunun əsas istiqamətlərindən biri də səhiyyədir. Fond beynəlxalq qurumlarla da bu istiqamətdə bir sıra layihələr həyata keçirmişdir.