4 may 2009

Bakının Nərimanov rayonundakı Psixonevroloji Uşaq Evinin yenidənqurmadan sonra açılışı olub

Mayın 4-də Bakının Nərimanov rayonundakı Psixonevroloji Uşaq Evinin yenidənqurmadan sonra açılışı olmuşdur.


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.


Mehriban xanıma gül dəstəsi təqdim olundu.

 

Prezident İlham Əliyev və xanımı ilk öncə uşaq evinin əvvəlki vəziyyətini və tikinti işlərini əks etdirən fotoşəkillərə baxdılar.

 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva uşaq evinin açılışını bildirən lenti kəsdilər və bina ilə yaxından tanış oldular.

 

Bildirildi ki, respublikamızda analoqu olmayan Psixonevroloji Uşaq Evinin əvvəlki binası müasir tələblərə cavab vermirdi. Təxminən min kvadratmetr sahədən, ikimərtəbəli binadan ibarət olan müəssisədəki şərait uşaqların təlim-tərbiyəsi üçün uyğun deyildi. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəfələrlə bu müəssisədə olması, tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanması, mövcud problemlərin həllinə dair tapşırıqlar verməsi Psixonevroloji Uşaq Evinin yeni, müasir standartlara uyğun bina ilə təmin edilməsinə şərait yaratmışdı. Keçən ilin may ayında yeni binanın layihəsi təsdiq olunmuş və tikinti işlərinə başlanmışdır. Artıq bir ilin tamamında 4800 kvadratmetr sahəsi olan beşmərtəbəli yeni bina istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan binada tikinti işlərini “İlandağ” şirkəti həyata keçirmişdir. Gələcəkdə Daun Mərkəzinin tikintisi də planlaşdırılır.

 

Həmin mərkəzin eskiz layihəsi dövlət başçısına təqdim olundu.


Bildirildi ki, binanın inşasında xarici ölkələrdən gətirilmiş tikinti materiallarından və avadanlıqdan istifadə olunmuşdur. Milli memarlıq üslubunda inşa olunan binanın həyətində də yenidənqurma işləri aparılmış, uşaqların və işçilərin istirahəti üçün hər cür şərait yaradılmış, fəvvarə kompleksi tikilmiş, 2 min kvadratmetr ərazidə yaşıllıq salınmışdır.

 

Binanın foyesində ümummilli lider Heydər Əliyevin portreti və onun müxtəlif tədbirlərdə uşaqlarla birgə fotoşəkillərindən ibarət stend quraşdırılmışdır. Burada dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlarla birgə fotoşəkilləri də vardır.

 

Uşaq evinin birinci mərtəbəsində psixoloq, aromaterapiya, okulist, psixonevroloq, kiçik manupulyasiya, nevropotoloq-loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları və qəbul şöbəsi yerləşir.

 

Fizioterapiya müalicə-idman zalının döşəməsinə yüksək texnologiya əsasında hazırlanmış örtük çəkilmişdir. Burada basketbol lövhələri, futbol qapıları, evcik oyun dəsti, elektrokarlar, velosipedlər, sürüşkən və gimnastik elementlər quraşdırılmışdır. Kitabxanada müxtəlif nağılların diskləri, nəfis tərtibatlı kitablar, dərs ləvazimatı vardır. Autist xəstəlikləri olanlar üçün nəzərdə tutulmuş otaqda rəngarəng yumşaq oyuncaqlar qoyulmuşdur. Səksən nəfərlik akt zalında müasir oturacaqlar qoyulmuş, projektor quraşdırılmışdır. Yeni doğulanlar şöbəsində körpələr üçün xüsusi çarpayı-şkaflar yerləşdirilmişdir.

 

İkinci mərtəbədə funksional qüsurlu uşaqlar üçün aksessuarlar yerləşdirilmiş, terapiya zalında hər cür şərait yaradılmışdır. Mərkəzləşdirilmiş proqrama qoşulan televizor uşaqlarda vizual tərbiyə metodlarından istifadə üçün böyük əhəmiyyət daşıyır.

 

Üçüncü mərtəbədə isə funksional qüsurlu nisbətən böyük uşaqlar üçün hamam otağı yaradılmışdır. Fəal terapiya zalında uşaqların məşğələləri üçün hər cür şərait vardır, yerimə qabiliyyətinin bərpası ilə əlaqədar xüsusi qurğular, oyun elementləri yerləşdirilmişdir. Su ilə müalicə otağında masaj vannaları və duşlar vardır.


Binanın alt mərtəbəsində ərzaq məhsullarının saxlanılması üçün anbar və soyuducu kameralar yerləşir. Mətbəxdə istifadə olunan avadanlıq da yenilənmiş, funksional qüsuru olan uşaqlar üçün yeməkxanada xüsusi stullar qoyulmuşdur.

 

Quraşdırılmış 90 cihazdan ibarət müşahidə qurğusu ilə binanın xarici və daxili daim nəzarətdə saxlanılır. Bu qurğu təlim-tərbiyə və müalicə prosesi, qidalanma, yataq, nəzarət-buraxılış zonasında baş verənləri müşahidə etməklə yanaşı, gün ərzində onların videoyazısını avtomatik olaraq aparır və saxlanılmasını təmin edir.


Mərkəzi istilik və havalandırma sistemi ilə təchiz olunmuş binada epilepsiya, hidrosefal, mikrosefal, uşaq serebral iflici, onurğa beyni şişləri və digər xəstəlikləri olan 7 yaşınadək uşaqlar müalicə alırlar. Onların müalicəsi və təlim-tərbiyəsi ilə 95 nəfərdən ibarət tibbi, pedaqoji və texniki heyət məşğul olur.

 

Sonda Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun adından Psixonevroloji Uşaq Evinə avtobus hədiyyə etdi.