24 iyul 2009

Heydər Əliyev Fondunun dəstəyi ilə 6 uşaq Kiyevdə əməliyyat olunub

Heydər Əliyev Fondunun dəstəyi ilə Kiyev Şəhər Ürək Cərrahiyyə Mərkəzinə göndərilən 6 azərbaycanlı uşağın üzərində aparılan əməliyyat uğurla başa çatmışdır. Artıq özlərini gümrah hiss edən uşaqlar yaxın günlərdə vətənə dönməyə hazırlaşırlar.


Ürək cərrahiyyəsi üzrə böyük nüfuza malik olan mərkəzin əsas üstünlüklərindən biri uşaqlarda anadangəlmə ürək çatışmazlığı xəstəliyini cərrahiyyə əməliyyatı vasitəsilə müalicə etməsidir. Mərkəzə Azərbaycandan da müraciət edənlərin sayı çoxdur.

 

Burada müalicə olunan azərbaycanlı uşaqlara baş çəkən ölkəmizin Ukraynadakı səfiri Tələt Əliyev onların vəziyyəti ilə maraqlanmışdır. Uşaqların valideynləri və xəstəxananın həkim heyəti ilə keçirilən görüşdə son illər Azərbaycanda inşa olunan müasir səhiyyə ocaqları haqqında ətraflı məlumat verən səfir iki ölkənin tibb ocaqları arasında elmi-təcrübi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

 

Görüş zamanı onlara yaradılan şəraitdən razılıqla danışan valideynlər övladlarını sağlam həyata qaytaranlara dərin minnətdarlıqlarını bildirmişlər.