HEYDAR ALIYEV FONDU-ISRAIL NUMAYANDA HEYATI.JPG
17 avqust 2009

Audiologiya sahəsi üzrə İsrailli mütəxəssislər Azərbaycana səfərə gəliblər

Heydər Əliyev Fondu, İsrailin Azərbaycandakı səfirliyi və İsrailin “Tsiondan göz” Qeyri-Hökumət Təşkilatının dəstəyi ilə bu ölkənin audiologiya sahəsi üzrə mütəxəssisləri respublikamıza səfərə gəlmişlər. 

 

Avqustun 23-dək davam edəcək səfər çərçivəsində eşitmə qabiliyyəti zəif olan insanların müayinəsi və onlara 250 min ABŞ dolları dəyərində eşitmə aparatlarının paylanması nəzərdə tutulmuşdur. Mütəxəssislər Bakı ilə bərabər bölgələrdəki xəstələri də müayinə edəcəklər. İsrailli mütəxəssislər, həmçinin yerli ekspertlər üçün peşəkar treninqlər təşkil edəcəklər. Bu treninqlər zamanı iştirakçılar eşitmə reabilitasiyası və eşitməyə yardım aparatlarında innovasiya haqqında ətraflı məlumat alacaq, müasir eşitmə aparatlarını qoşmaq və ondan istifadə etmək qaydalarını öyrənəcəklər.

 

Səfər çərçivəsində İsrailin “Davidin qırmızı ulduzu” humanitar təşkilatının təcili tibbi yardım ekspertləri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) könüllüləri üçün təxirəsalınmaz ilk tibbi yardım göstərilməsinə dair beşgünlük treninq-seminarlar keçirəcəklər.

 

Avqustun 17-də 1 saylı xəstəxananın inzibati binasında treninqlərin başlaması ilə əlaqədar keçirlən tanışlıq xarakterli görüşdə Səhiyyə Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Samir Abdullayev, İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem və İsraildən olan nümayəndə heyətinin üzvləri çıxış edərək ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən səhiyyə və humanitar sahələrdə sürətlə inkişaf etdiyini bildirmişlər.

 

Qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün Azərbaycan səhiyyə işçilərindən ibarət nümayəndə heyətinin də yaxın vaxtlarda İsrailə səfərinin nəzərdə tutulduğu diqqətə çatdırılmışdır.

 

Sonra treninq-seminar öz işinə başlamışdır.


FOTO

Paylaş: