001.JPG
6 noyabr 2009

Heydər Əliyev Fondunun təşəbbüsü ilə alınmış daha 10 hemodializ aparatı Səhiyyə Nazirliyinə təqdim edilib

Noyabrın 6-da Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Fondun humanitar yardım çərçivəsində əldə etdiyi 10 böyrək hemodializ aparatını Səhiyyə Nazirliyinə təqdim etmişdir.

 

Tibbi avadanlıq Almaniyanın “Fresenius Medical Care” şirkəti tərəfindən Heydər Əliyev Fonduna bağışlanan növbəti humanitar yardımdır.

 

“Fresenius Medical Care” şirkəti ilə 2006-cı ildən başlanan əməkdaşlığın uğurlu olduğunu deyən Mehriban xanım həmin vaxtdan bəri Heydər Əliyev Fonduna 20 bahalı hemodializ aparatının hədiyyə edildiyini, Fondun bu aparatları Azərbaycanın Səhiyyə Nazirliyinə bağışladığını xatırlatmışdır.

 

Mehriban xanım Əliyeva dünyanın bir sıra nüfuzlu tibb şirkətləri ilə beynəlxalq əməkdaşlıq çərçivəsində Fonda xeyli tibbi avadanlığın daxil olduğunu və bunların hamısının Səhiyyə Nazirliyinə verildiyini diqqətə çatdırmışdır.

 

Fondun prezidenti 10 hemodializ aparatına görə Almaniya şirkətinin təmsilçisinə minnətdarlığını bildirmiş, bu hədiyyəni yüksək qiymətləndirdiyini demişdir.

 

Xoşməramlı səfir Mehriban Əliyeva hemodializ aparatlarının sənədlərini səhiyyə naziri Oqtay Şirəliyevə təqdim etmişdir.

 

Səhiyyə naziri bu yaxınlarda 1 nömrəli kliniki xəstəxananın nəzdində yeni hemodializ mərkəzinin açılacağını qeyd etmişdir. Nazir artıq yeni səhiyyə ocağında hemodializ aparatlarının sayının 30-a çatdırılacağını vurğulamışdır. Bunun sayəsində daha çox xəstə dövlət tərəfindən hemodializlə təmin olunacaqdır. Artıq regionlardakı müalicə ocaqlarında da belə aparatların quraşdırıldığını deyən Oqtay Şirəliyev diqqətə çatdırmışdır ki, hazırda respublika üzrə 1200 xəstə dövlət tərəfindən hemodializlə təmin olunur. Səhiyyə naziri uroloji mərkəzin açılacağını və burada böyrəkköçürmə üzrə əməliyyatın aparılacağını da bildirmişdir.


FOTO