01.JPG
7 oktyabr 2008

Bakıda xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiya mərkəzinin təməli qoyulub

Oktyabrın 7-də Bakının Yeni Günəşli yaşayış massivində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin təməli qoyulmuşdur.


Bununla bağlı təşkil olunan mərasimdə çıxış edən Suraxanı rayonu İcra hakimiyyətinin başçısı İlqar Abbasov Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikiləcək mərkəzin ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara töhfə olacağını vurğulamışdır. O, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rayondakı 2 nömrəli uşaq evinə də diqqət və qayğı göstərdiyini bildirmişdir.

 

Fondun icraçı direktoru Anar Ələkbərov xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulan bu layihənin həyata keçirilməsində Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın böyük xidmətləri olduğunu vurğulamışdır. Layihə ötən ilin dekabrında Mehriban xanım Əliyevanın Rusiyanın “Uralsib” Maliyyə Korporasiyasının rəhbərliyi ilə imzaladığı memorandum əsasında inşa olunacaqdır.

 

Fondun bu kateqoriyadan olan uşaqlara daim diqqət və qayğı ilə yanaşdığını vurğulayan A.Ələkbərov hazırda kor və görmə qabiliyyəti zəif olan uşaqlara informasiya texnologiyalarına çıxışı təmin etmək üçün layihənin hazırlandığını, gözdən əlil uşaqlar üçün musiqi mərkəzinin, Nərimanov rayonunda isə uşaqlar üçün psixonevroloji mərkəzin tikildiyini söyləmişdir.

 

Rusiyanın ölkəmizdəki səfiri Vasili İstratov təməli qoyulan mərkəzin qısa zamanda istifadəyə veriləcəyinə ümid etdiyini söyləmişdir. Layihənin Rusiya kapitalının iştirakı ilə həyata keçirildiyini bildirən səfir ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsi üçün belə layihələrin gələcəkdə artmasını arzulamışdır.

 

“Uralsib” Maliyyə Korporasiyasının baş vitse-prezidenti Aleksandr Şekoçixin layihənin təmsil etdiyi şirkətlə Heydər Əliyev Fondu arasında Azərbaycan xalqının rifahı naminə uzunmüddətli əməkdaşlığın əsasını qoyacağına ümid etdiyini bildirmişdir.

 

“Nikoil” bankının İdarə heyətinin sədri Vasili Xamaza layihənin əsas məqsədinin uşaqların qəlbində xoşbəxt gələcəyə ümid işığı yandırmaq olduğunu söyləmişdir.

 

Daha sonra rəsmi təməlqoymanın rəmzi olan giliz bünövrəyə atıldı və ilk beton qarışığı töküldü.

 

İndi Bülbülə qəsəbəsində yerləşən və ətraf ərazidə xüsusi qayğıya ehtiyacı olan uşaqları birləşdirən “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi üçün nəzərdə tutulmuş mərkəz uşaq və yeniyetmələrin əqli və fiziki inkişafına əlverişli şərait yaratmaqla yanaşı, onların sağlamlığının bərpasına kömək edəcəkdir. Tikinti işləri 2009-cu ilin sonunadək başa çatacaqdır.


FOTO