10 oktyabr 2008

Qala qəsəbəsində ilk xəstəxana açılıb

Oktyabrın 10-da Bakının Qala qəsəbəsində ilk xəstəxana - 29 nömrəli birləşmiş şəhər xəstəxanasının filialı açılmışdır.


Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən filialın təcili yardım stansiyası və apteki də vardır. Yeni səhiyyə müəssisəsi müasir tibbi avadanlıqla təmin olunmuşdur.

 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva təcili yardım stansiyası üçün alınmış avtomobilə baxdılar. Bildirildi ki, avtomobildə reanimasiya tədbirləri üçün avadanlıq, elektrokardioqraf, qanı oksigenlə təmin edən aparat, qanda şəkərin miqdarının təyin edilməsi üçün avadanlıq, 90 çeşiddə dərman ləvazimatı və sarğı materialları vardır.

 

Filialla tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, bu, qəsəbədə ilk xəstəxanadır. Əvvəllər Qala sakinləri tibbi yardım üçün qonşu qəsəbələrə getmək məcburiyyətində olurdular. İndi buna ehtiyac yoxdur. Burada müasir tələblərə cavab verən şöbə və kabinetlər yaradılmışdır.

 

Tibb işçiləri belə gözəl səhiyyə ocağının istifadəyə verilməsinə görə dövlətimizin başçısına və xanımına minnətdarlıqlarını bildirdilər.

 

Prezident İlham Əliyev burada yaradılmış şəraiti yüksək qiymətləndirdi.