001.jpg
8 iyun 2007

Xarici şirkətlərin Heydər Əliyev Fonduna hədiyyə etdiyi müasir tibb avadanlığı Səhiyyə Nazirliyinə təqdim olunub

İyunun 8-də Heydər Əliyev Fondunda Almaniyanın tanınmış “Fresenius Medical Care” və “Karl Storz” şirkətlərinin hədiyyə etdiyi tibb avadanlığının rəsmi təqdim edilməsi mərasimi olmuşdur.

 

“Fresenius Medical Care” şirkətinin nümayəndələri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya məlumat verdilər ki, təqdim edilən humanitar yardım dünyada müasir tibb avadanlığı kimi sayılan 2 ədəd autogemotransfuziya aparatından və 4 ədəd dərman preparatlarının dəqiq doza ilə ötürülməsini təmin edən aparatdan ibarətdir. 130 min avro dəyərində olan bu aparatlar müasir cərrahiyyə sahəsində yeni texnologiyanın tətbiqi baxımından yüksək qiymətləndirilir. Analoqu olmayan autogemotransfuziya aparatının başlıca funksiyası xəstənin əməliyyat zamanı itirilən qanının yenidən ona qaytarılmasını təmin etməkdir. Qanın bu yolla transfuziyası xəstənin qan vasitəsilə müxtəlif virus infeksiyalarına, o cümlədən hepatit B, C, eləcə də immunçatışmazlığı virusuna yoluxma ehtimalını tamamilə aradan qaldırır. Donor qanına ehtiyacı aradan qaldıran aparat həm də əməliyyat zamanı böyük qan itkisinin qarşısını alır.

 

Dərman preparatlarının dəqiq doza ilə ötürülməsini təmin edən aparatın isə uzun müddət və müəyyən miqdarda təyin edilmiş dərman qəbuluna ehtiyacı olan onkoloji xəstələr üçün həyati əhəmiyyəti var.

 

Azərbaycanın birinci xanımı dəyərli, ölkəmiz üçün çox gərəkli olan tibb avadanlığının təmənnasız olaraq Fonda verilməsinə görə “Fresenius Medical Care” şirkətinə razılığını bildirdi. 2006-cı ildən başlanan əməkdaşlıq çərçivəsində şirkətin ötən il də Heydər Əliyev Fonduna 200 min avro dəyərində 10 ədəd hemodializ aparatı hədiyyə etdiyini, Fondun bu aparatları Azərbaycanın Səhiyyə Nazirliyinə bağışladığını xatırlatdı.

 

Bildirildi ki, yeni cərrahiyyə texnologiyaları ilə tanınan “Karl Storz” şirkətinin Heydər Əliyev Fonduna bağışladığı 103 min avro dəyərində müasir endoskopik uroloji avadanlıq və aparatlar isə müalicə metodlarını yüksəltməyə və dünya standartları səviyyəsində aparmağa imkan verir. Bu avadanlıqlar kişilərdə prostat vəzinin adenomasında, sidik kisəsinin müxtəlif xəstəliklərində, kəskin və xroniki böyrək çatışmazlığında diaqnostika imkanlarını genişləndirməyə və uroloji xəstələrin radikal müalicəsində əvəzsiz rol oynayır.

 

Mehriban xanım xarici şirkətlərin Fonda bağışladığı tibb avadanlığının rəsmən Səhiyyə Nazirliyinə verilməsi barədə sənədləri nazir Oqtay Şirəliyevə təqdim etdi, tövsiyələrini söylədi.


FOTO

Paylaş: