HEYDAR ALIYEV FONDU - DIABET GUNU.JPG
13 noyabr 2007

Dünya Diabet günü münasibətilə Heydər Əliyev Fondunun binası mavi rənglə işıqlandırılıb

Dünya Diabet günü münasibətilə Heydər Əliyev Fondunun binası noyabrın 13-dən etibarən mavi rənglə işıqlandırılmağa başlanmışdır.

 

BMT-nin rəmzi olan mavi rəng bütün millətlərin başı üstündəki səmanı əks etdirir və bu aksiyanın keçirildiyi 155 ölkədə şəhərlərin möhtəşəm binaları məhz bu rəngdə boyanacaqdır. Məqsəd ictimaiyyətin diqqətini dünya miqyasında sağlamlığa ciddi təhlükə mənbəyi sayılan diabetə yönəltmək və onun qarşısını almaq istiqamətində səyləri birləşdirməkdir.

 

BMT-nin qətnaməsinə əsasən, bu təşkilata üzv olan bütün ölkələrdə noyabrın 14-ü Dünya Diabet günü kimi qeyd edilir. Kampaniyadan məqsəd diabetin əhatə dairəsinin artması haqqında xəbərdarlıq etməkdir. İlkin məlumatlandırma kampaniyası kimi həmin gün xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı ictimaiyyətə geniş informasiyalar çatdırılır. Dünya Diabet günü milyonlarla insanı – şəkər xəstəsi olan və olmayan uşaqları və yetkin insanları, assosiasiya və təşkilatları, səhiyyə mütəxəssislərini, dövlət məmurlarını, mətbuatı bir yerə toplayır.

 

Cəmiyyətin sosial qayğılarına daim diqqət yetirən Heydər Əliyev Fondu gündəmdə olan səhiyyə problemlərinin həllinə də kömək etməyə çalışır.

 

2005-2007-ci illərdə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi respublikada 15 yaşınadək uşaqlar arasında qeydə alınmış diabet xəstələrini əhatə etmişdir. Layihə çərçivəsində diabetli uşaqlar 2 ildən artıq müddətdə yüksək keyfiyyətli insulin və şpris-qələmlə təmin olunmuşlar.


FOTO