002.jpg
9 may 2006

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkan qəsəbəsində yeni istifadəyə verilmiş təhsil və səhiyyə müəssisələri ilə tanış olublar

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 9-da Bakının Əzizbəyov rayonunun Türkan qəsəbəsində bir sira yeni obyektlərin açılışında iştirak etmişlər. 

 

Türkanlılar Prezident İlham Əliyevi və xanımını qəsəbənin təzə ucaldılmış alaqapısı önündə səmimiyyətlə, gül-çiçəklə qarşıladılar. Qəsəbənin ağbirçək sakini Zərifə Manafova, el ağsaqqalı hacı Rasim onları salamlayaraq dedilər: Sizin hər gəlişiniz bizim üçün toy-bayramdır. Bütün türkanlıların qəlbi sevinc, fərəh hissləri ilə doludur, çünki çoxdan bəri əhalini narahat edən problemlərin bir çoxu artıq öz həllini tapmışdır. Bu ərazidən Milli Məclisə deputat seçilmiş Mehriban xanım seçki ərəfəsində bir neçə dəfə sakinlərlə görüşmüş, çatışmazlıqları öyrənmiş, problemlərin aradan qaldırılmasına hər cür kömək göstəriləcəyini vəd etmişdi. Bu vədlərin, demək olar ki, bir çoxu qısa müddətdə yerinə yetirilmişdir. Gördüyünüz bu alaqapı da Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə tikilmişdir. Qəsəbəmizin uzun illər bərbad vəziyyətdə olan yollarının abadlaşması, uşaqlara, insanlarımızın sağlamlığına göstərdiyiniz qayğı bizi olduqca razı salır, bütün bunlara görə minnətdarıq. Türkanlılar həmişə Sizin siyasətinizi bəyənir, dəstəkləyir, Sizə Allahdan cansağlığı, Vətənimizin inkişafı naminə yeni-yeni uğurlar diləyirlər.

 

Onlar Azərbaycan Prezidentinə və xanımına ilk övladlarının ailə həyatı qurması münasibətilə bütün Türkan camaatı adından gözaydınlığı verdilər, onlara Ulu Tanrıdan xoşbəxtlik, səadət arzuladılar.

 

Prezident İlham Əliyev ürəkdən gələn xoş sözlərə görə razılığını bildirərək dedi ki, Bakının ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olunmuşdur. Hazırda ölkə rəhbərliyi bununla ciddi məşğul olur, Bakıətrafı qəsəbələrin bir müddət diqqətdən kənar qalmış problemlərinin həlli üçün biz nə lazımdırsa edəcəyik. Mən bilirəm ki, Heydər Əliyev Fondu bu sahədə böyük işlər görübdür. Sizin seçdiyiniz millət vəkilinin son altı aydakı fəaliyyəti ilə də tanışam. Elə bu gün açılışına gəldiyimiz bir çox obyektlər də bunu sübut edir. İndi Bakı qəsəbələrinin qaz, işıq, su, yol problemlərinin həlli, yeni təhsil, səhiyyə obyektlərinin inşası ilə bağlı çox mühüm tədbirlər görülür. Bizim əsas arzu və istəyimiz budur ki, insanlarımızın daha firavan yaşayışını təmin edək. Bir və ya iki ilə bu məsələlər öz həllini tapacaqdır.

 

Əlində gül dəstəsi olan 3 yaşlı Arzunun "Mən sizi çox istəyirəm" - deyə Mehriban xanıma yanaşması hamıda xüsusi ovqat doğurdu. Sakinlər körpəni ağuşuna sıxan Mehriban xanıma yerbəyerdən nənə olmaq sizə çox yaraşır, Allah qismət eləsin"- dedilər.

 

Azərbaycan Prezidenti və xanımı qəsəbə sakinləri ilə xatirə şəkli çəkdirdilər.


Ölkəmizin rəhbəri və xanımı burada inşa olunmuş 214 nömrəli uşaq bağçası, Tədris-təhsil mərkəzi, aptek və təcili tibbi yardım stansiyasını gəzdilər, yaradılmış şəraitlə ətraflı tanış oldular.

 

Azərbaycan Prezidentinə məlumat verildi ki, bu obyektlərin hamısı Heydər Əliyev Fondunun layihəsi əsasında, Milli Məclisin deputatı Mehriban xanımın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış "Əzizbəyov rayonunun inkişaf fondu" proqramı çərçivəsində inşa edilmişdir. Qəsəbə sakinlərinin uzun illərdən bəri gözlədiyi bu təhsil, səhiyyə obyektlərinin hamısı təzə, müasir tələblərə cavab verən avadanlıqla, kompyuterlərlə təchiz edilmiş, tibb və təhsil ocaqlarında 50 nəfər qəsəbə sakini işlə təmin olunmuşdur. Təcili tibbi yardım stansiyasına 2 təzə maşın verilmiş, aptek ən çox ehtiyac duyulan tibbi ləvazimatla, daha çox işlədilən dava-dərmanla təmin edilmiş, burada kompyuter sorğu-məlumat bazası yaradılmışdır.

 

Prezident İlham Əliyev Təhsil-tədris mərkəzində uşaqların böyük həvəslə kompyuteri, internetdən istifadəni öyrənməsindən xüsusilə məmnun qaldı, onlara dəyərli məsləhətlərini verdi. Azərbaycan Prezidentinə məlumat verildi ki, şahmat dərnəyində məşğul olanların da sayı günbəgün artmaqdadır. Məşqçi müəllimlər əmin olduqlarını bildirdilər ki, yaxın illərdə respublika birinciliklərində türkanlı uşaqların da səsi eşidiləcəkdir.

 

Uşaq bağçasının müdiri Gülarə Rəhmanova Azərbaycan Prezidentinə və xanımına müraciət edərək, qəsəbə sakinləri və yeni obyektlərdə işləyənlər adından onlara sonsuz təşəkkürlərini, ən xoş arzularını çatdırdı, qısa zamanda görülən işləri ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsinə göstərilən hörmət və ehtiramın əlaməti, ulu öndərin ideyalarının həyata keçirilməsinin bəhrəsi, xalqın güzəranının yaxşılaşdırılmasına yönəldilmiş xəttin təcəssümü kimi qiymətləndirdi.

 

Prezident İlham Əliyev təhsil, səhiyyə işçiləri ilə də söhbət etdi, onların peşəkarlığı ilə maraqlandı, görülmüş işlərin keyfiyyətindən, bu obyektlərdə nümunəvi xidmət şəraitinin yaradılmasından razı qaldığını bildirdi.

 

Azərbaycan Prezidenti və xanımı sonra buraya toplaşan qəsəbə sakinləri ilə görüşdülər, onları yeni obyektlərin istifadəyə verilməsi münasibətilə təbrik etdilər. Türkanlılar ötən parlament seçkilərində Mehriban xanıma böyük inamla səs verdiklərini vurğulayaraq, onun deputatlıq fəaliyyəti ilə fəxr etdiklərini, onun hər evdə, hər ailədə sevimli, əziz insana çevrildiyini xüsusi vurğuladılar.

 

Prezident İlham Əliyev tezliklə digər qəsəbələrdə də belə obyektlərin tikiləcəyini vurğuladı.

 

Sonda qəsəbə sakinləri ilə xatirə şəkili çəkdirildi.


FOTO

Paylaş: