001.jpg
11 may 2006

Heydər Əliyev Fondunun təşəbbüsü ilə alınmış tibbi avadanlıq Səhiyyə Nazirliyinə təqdim edilib

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva mayın 11-də Almaniyanın "Fresenius Medical Care" şirkətinin nümayəndəsini qəbul etmişdir.

 

Ümummilli lider Heydər Əliyevin adını daşıyan, onun ideyalarının həyata keçirilməsini özünün əsas vəzifəsi hesab edən Fondun həyata keçirdiyi "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" proqramları çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər barədə qonağa məlumat verən Mehriban xanım bildirdi ki, qurum beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq yaradır, ölkəmizdə əhalinin sağlamlığı naminə onların imkanlarından da istifadə edir. Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın yüksək keyfiyyətli insulin istehsalı sahəsində dünyada lider olan Novo Nordisk şirkəti ilə birgə layihənin icrasına başlanandan bəri Azərbaycanda bu xəstəliyə tutulmuş 14 yaşınadək 310 nəfər uşağın insulinlə təminatında əvvəllər mövcud olan problemlər aradan qaldırılmışdır. Həmin uşaqlara müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlər verilir.

 

Mehriban xanım ölkədə talassemiyanın qarşısının alınmasına yönəlmiş layihə barədə də danışaraq dedi ki, respublikanın bəzi rayonlarında bu xəstəlik geninin yayılma tezliyi xüsusi təşviş doğurur. Ona görə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə talassemiyalı xəstələrin sayı, vəziyyəti, müalicə imkanları barədə müvafiq informasiya toplandıqdan sonra Beynəlxalq Talassemiya Federasiyası ilə birgə əməkdaşlıq məsələləri müzakirə olunmuş, müasir avadanlıqla təchiz ediləcək Talassemiya Diaqnostika Mərkəzinin yaradılması qərara alınmışdır. Layihədə bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması ücün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə də diqqət yetirilir.

 

Heydər Əliyev Fonduna son vaxtlar xroniki böyrək çatışmazlıqlarından əziyyət çəkən xəstələrdən daxil olan müraciətlərin sayının getdikcə artdığını xatırladan Mehriban xanım Əliyeva xəstəliyin qarşısının alınması, tibbi yardım xidmətinin vəziyyəti ilə bağlı görülən işlər barədə məlumat verdi. O, Fondun müraciətinə müsbət yanaşaraq, 200 min avro dəyərində 10 ədəd hemodializ aparatının verilməsinə görə "Fresenius Medical Care" şirkətinin rəhbərliyinə təşəkkürünü bildirdi. Respublikamızda böyrək çatışmazlığından əziyyət çəkən yüzlərlə xəstənin və cəmi 94 belə aparatın olduğunu bildirən Mehriban xanım, hədiyyəni yüksək dəyərləndirdi.

 

Fondun prezidenti bu aparatları müvafiq sənədlərlə birlikdə səhiyyə naziri Oqtay Şirəliyevə təqdim etdi, onların yerləşdirilməsi, paylanması, səmərəli istifadəsi, regionlara da çatdırılması üçün tövsiyələrini verdi.

 

Almaniya şirkətinin nümayəndəsi və səhiyyə naziri Fondun həyata keçirdiyi layihələri, Azərbaycan əhalisinin sağlamlığına diqqət və qayğısını yüksək qiymətləndirdilər. Şirkətin təmsilçisi bu aparatların yüzlərlə xəstə üçün əvəzsiz kömək olacağını vurğuladı və Fondla əlaqələrin inkişafına bundan sonra da səy göstərəcəklərini bildirdi.


FOTO

Paylaş: