30 dekabr 2006

Şüvəlan qəsəbəsində Birləşmiş şəhər xəstəxanasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva həmin gün Bakının Şüvəlan qəsəbəsində 31 nömrəli Birləşmiş şəhər xəstəxanasının açılışında iştirak etdilər. Tibb işçiləri dövlətimizin başçısını və xanımını böyük səmimiyyətlə qarşıladılar, onlara gül dəstəsi təqdim olundu.


Prezident İlham Əliyev xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi və bu səhiyyə ocağı ilə yaxından tanış oldu. Ötən əsrin 50-ci illərində əsası qoyulmuş bu xəstəxana binası tamamilə yararsız vəziyyətə düşmüş, 2005-ci ilin noyabrından əsaslı təmirə dayandırılmışdı. Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tamamilə yenidən qurulmuş xəstəxana 25 çarpayılıqdır. Burada poliklinika da var. Ginekologiya, rentgen şöbələri yaradılmış, yeni qazanxana, çamaşırxana, həkim otaqları, mətbəx tikilmiş, istilik sistemi tamamilə yenidən qurulmuşdur. Xəstəxana Şüvəlanın beş mindən çox əhalisinə və qəsəbədə müvəqqəti məskunlaşmış 1535 məcburi köçkünə xidmət göstərəcəkdir. Hazırda burada 63 nəfər tibbi heyət çalışır. Xəstəxanada Amerika istehsalı olan rentgen, ultrasəs müalicəsi aparatları və sair ən müasir avadanlıq quraşdırılmışdır.

 

Prezident İlham Əliyev xəstəxananın şöbə və palatalarına baxdı, görülən işləri yüksək qiymətləndirdi və burada gözəl şəraitin yaradıldığını bildirdi.

 

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Prezidentinin tapşırığına əsasən regionlarda yaradılmış təcili və təxirəsalınmaz tibbi yardım məntəqələri barədə məlumat verdi. Bildirdi ki, son 3-4 ay ərzində 12 belə məntəqə yaradılmış, yüksək səviyyədə təchiz edilmişdir. İndi maksimum 25-30 dəqiqə ərzində təcili tibbi yardım maşınları qəza yerinə çata bilir. Bu məntəqələrə dövlət və bp şirkəti tərəfindən ən müasir təcili tibbi yardım maşınları verilmişdir. Onların içərisində kardiomonitorlar, oksigen aparatı, operativ müalicə və müayinə üçün hər bir imkan vardır. Magistral avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələrində vertolyot meydançaları yaradılacaqdır. Yeni tibbi yardım məntəqələrində 198 yeni iş yeri açılmışdır və 66 həkim çalışır. Bunlar mərkəzləşdirilmiş yəni, yerli büdcədən yox, məhz Səhiyyə Nazirliyi tərəfindən maliyyələşdiriləcəkdir.

 

Prezident İlham Əliyev qəza baş verərkən sərnişinlərin magistral yollar boyunca yerləşən tibb məntəqələrinin yerini bilmələri üçün yolların kənarında xüsusi nişanların qoyulmasının, tibbi yardım məntəqələrinin bir-biri ilə əlaqə yaratmasının zəruriliyini bildirdi.

 

Sonra dövlətimizin başçısı İLHAM ƏLİYEV tibb işçiləri ilə görüşdü, onları təbrik edərək dedi:

 

- Bayramınız mübarək olsun. Gözəl bayram günündə xəstəxana faktik olaraq yenidən qurulubdur və burada işləmək, xəstələri müalicə etmək üçün çox yaxşı şərait, hər cür imkanlar var. Gözəl həyəti də var. Əlbəttə, müasir avadanlıq həkimlərin işini yüngülləşdirəcəkdir. Həkimlərin işi çox çətindir, çox ağırdır. Həm fiziki, həm də mənəvi cəhətdən insanlara kömək göstərirsiniz, onları sağaldırsınız. Ona görə də şərait olmalıdır, bunu ən yüksək səviyyədə təşkil etmək lazımdır. İndi Azərbaycanın müxtəlif yerlərində gözəl xəstəxanalar tikilir, o cümlədən Bakının ətraf qəsəbələrində də bunlar olmalıdır. Bildiyiniz kimi, Bakının qəsəbələrinin inkişafına dair xüsusi proqram qəbul olunubdur. Yeni xəstəxanaların, poliklinikaların tikintisi, köhnələrin bərpası və ən yüksək səviyyəyə çatdırılması bu proqramın tərkib hissəsidir. Bu gözəl xəstəxana həmin proqram çərçivəsində görülən işlərdən biridir.

 

Sakinlərə də arzu edirəm ki, Yeni ildə hər şey yaxşı olsun, heç kim xəstələnməsin. Amma xəstələnəndə də, müalicə üçün imkanlar vardır.

 

Mənə verilən məlumata görə, bu qəsəbədə 4-5 min əhali yaşayır. İndi onların tibbi xidmət alması üçün hər cür şərait var. Bundan əvvəl qəsəbədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəb, digər obyektlər tikilibdir. Elə bil ki, qəsəbəyə yeni həyat verilibdir. Ancaq mən buraya gələndə gördüm ki, binalar köhnəlibdir. Gərək bunlara da əl gəzdirək. Bəli, gərək köhnə binaları bərpa edək, onların xarici görünüşü də, içərisi də gözəl olsun.

 

Bir daha bayramınız mübarək olsun. Sağ olun.

 

Tibb işçiləri ölkəmizdə səhiyyə sahəsində çalışanlara göstərilən diqqət və qayğıya görə Prezidentə təşəkkürlərini bildirdilər, qarşıdan gələn bayramlar münasibətilə təbrik etdilər, ona Allahdan uzun ömür, cansağlığı arzuladılar.