04_m.aliyeva-qaygi-markaz-tanishliq.jpg
3 may 2013

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fiziki qüsurlu uşaqlar üçün “Qayğı” reabilitasiya mərkəzinin açılışında iştirak edib

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mayın 3-də Nizami rayonu Ə.Əzimzadə küçəsi 1 ünvanında yerləşən fiziki qüsurlu uşaqlara təmənnasız yardım göstərəcək bağça tipli “Qayğı” reabilitasiya mərkəzinin açılışında iştirak edib.


Mehriban Əliyeva binada yaradılmış şəraitlə tanış oldu. Məlumat verildi ki, “Qayğı” reabilitasiya mərkəzi 1952-ci ildə inşa olunmuş və Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən “Zanbaq” uşaq bağçası binasının bazasında yaradılıb. Ötən ilin sonlarından yenidən qurulmasına başlanılan bağça binasının konstruksiyası dəmir-beton kəmərlərlə gücləndirilib, binaya 73 kvadratmetrlik tikili əlavə olunub. Ərazidə fiziki qüsurlu uşaqların müalicəsi üçün nəzərdə tutulmuş 265 kvadratmetrlik qapalı hovuz inşa edilib.


Reabilitasiya mərkəzi serebral iflic keçirmiş 30-50 uşaq üçün nəzərdə tutulub. Bağça tipli mərkəzdə 3 qrup üzrə 3-6 yaş arası uşaqlar tərbiyə və müvafiq müalicə alacaqlar. Bina içməli su, yanğından mühafizə hovuzları və 56 ədəd nəzarət kamerası ilə təchiz olunub. Mərkəzin ərazisi yaşıllaşdırılıb.


Mehriban Əliyeva mərkəzdəki prosedur, yataq, qrup, trenajor, oyun, massaj, həkim otaqlarına baxdı, həyəti gəzdi.


Mərkəzdəki bütün avadanlıq Heydər Əliyev Fondunun hədiyyəsidir. Serebral iflic xəstələri üçün nəzərdə tutulmuş xüsusi trenajorlar İtaliya istehsalıdır.


Mehriban Əliyeva mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi və tövsiyələrini verdi.


FOTO

VİDEO