004.JPG
18 oktyabr 2011

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Səhiyyə Nazirliyinin Uşaq Tibbi Reabilitasiya Xəstəxanasının yeni binası ilə tanış olub

Oktyabrın 18-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş Səhiyyə Nazirliyinin Uşaq Tibbi Reabilitasiya Xəstəxanasının yeni binası ilə tanış olmuşdur.

 

Əvvəlcə xəstəxananın stasionar şöbəsi ilə tanış olan Mehriban xanım Əliyevaya məlumat verildi ki, 1973-cü ildən fəaliyyət göstərən xəstəxananın ümumi sahəsi 16 min 700 kvadratmetrdir. Təmirinə 2009-cu ilin avqustundan başlanılan 40 palatalıq xəstəxana yeni avadanlıq və müasir cihazlarla təchiz olunmuşdur.

 

Heydər Əliyev Fondunun prezidenti stasionar şöbədə ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara qayğısını əks etdirən fotostendə baxdı, daha sonra müalicə, bədən tərbiyəsi, psixoloq otaqları, oyun zalı, fizioterapiya otağı, həmçinin palata və yeməkxanada yaradılmış şəraitlə tanış oldu. Fitoterapiya otağında müalicə ənənəvi üsullarla yanaşı, ot çayları, təbii şirələr, oksigen kokteylləri vasitələri ilə də aparılır. Müalicə-bədən tərbiyəsi zalı ən müasir trenajorlarla təchiz edilmiş, palatalar balacaların zövqünə uyğun qurulmuşdur.

 

Fizioterapiya şöbəsi ilə tanış olan Azərbaycanın birinci xanımına məlumat verildi ki, 280 kvadratmetr sahəni əhatə edən binada EKO, EEQ, Spa terapiyası, halvanik vanna, sualtı massaj vannası, fizioterapiya otaqları vardır. Otaqlarda yüksək standartlara cavab verən avadanlıq quraşdırılmışdır.

 

Tibbi reabilitasiya xəstəxanasının həyəti də abadlaşdırılmış, hovuz tikilmiş, yeni ağaclar, dekorativ kol və güllər əkilmişdir.


FOTO