002.JPG
5 noyabr 2007

Heydər Əliyev Fondu ilə Rusiyanın “Uralsib” maliyyə korporasiyası arasında anlaşma memorandumu imzalanıb


Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi tikiləcəkdir.


Bununla əlaqədar noyabrın 5-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva layihənin maliyyə dəstəyini öz üzərinə götürən Rusiyanın “Uralsib” maliyyə korporasiyasının nümayəndələri ilə görüşmüşdür.


Qonaqlar əvvəlcə ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlarla tanış olmuş, görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara xüsusi maraq göstərmişlər.


Mehriban xanım Əliyeva Fondun fəaliyyəti barədə danışaraq demişdir ki, onun əsas məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, ölkəmizin mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Bildirilmişdir ki, Heydər Əliyev Fondu təhsil, səhiyyə və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirir, YUNESKO və İSESKO ilə sıx əməkdaşlıq edir. Eyni zamanda, Mehriban xanım Azərbaycanda hələ də xüsusi qayğıya ehtiyac duyan çoxlu sayda uşaqların olduğunu təəssüflə vurğulamışdır.


“Uralsib” maliyyə korporasiyasının prezidenti Nikolay Svetkov rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışmışdır. Ölkəmizə səfərindən məmnun qaldığını bildirən qonaq, Azərbaycana hər səfərinin unudulmaz hisslər doğurduğunu söyləmişdir.


Bu layihə çərçivəsində ilk addım xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin inşası, təchiz edilməsi və saxlanılmasıdır. Layihəni “Uralsib”in maliyyə dəstəyi ilə Heydər Əliyev Fondu gerçəkləşdirəcəkdir. Layihə çərçivəsində Bülbülə qəsəbəsində yerləşən və ətraf ərazilərdə yaşayan 70-dən artıq xüsusi qayğıya ehtiyacı olan uşağı əhatə edən “Oriqami” reabilitasiya mərkəzi üçün yeni binanın inşası nəzərdə tutulur. Bununla əlaqədar Mehriban xanım Əliyeva və Nikolay Svetkov anlaşma memorandumu imzaladılar.


Qonaq Mehriban xanıma xatirə hədiyyəsi təqdim etdi. Mehriban xanım Əliyeva isə qonağa Heydər Əliyev Fondunun indiyə qədər həyata keçirdiyi layihələrdən bəhs olunan kitab və “Qarabağ xanəndələri” musiqi albomunu hədiyyə etdi.


Sonda qonaqlar Mehriban xanım Əliyeva ilə xatirə şəkli çəkdirdilər.


FOTO