img_3303.jpg
5 aprel 2011

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Yeni Günəşli yaşayış massivində inşa olunmuş “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi”nin açılışında iştirak edib

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva aprelin 5-də Heydər Əliyev Fondunun və Rusiyanın “Uralsib” maliyyə korporasiyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində Yeni Günəşli yaşayış massivində inşa edilmiş “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi”nin açılışında iştirak etmişdir. 


Mərkəzlə tanışlıq zamanı Mehriban xanıma məlumat verilmişdir ki, təxminən 1700 kvadratmetr sahəsi olan tibb ocağı ən müasir standartlara uyğun tikilmiş və ən son avadanlıqla təchiz olunmuşdur. Mərkəzdə uşaqların müalicəsi üçün dünya psixoterapiya praktikasında çox populyar olan qum terapiyası üsulundan istifadə edilir. Müalicəvi idman və fiziki tərbiyə reabilitasiya prosesində əsas üsullardan biridir.


Mərkəzdə bütün otaqlarda müşahidə kameraları quraşdırılmışdır. Alınan videogörüntü mərkəzin hollundakı böyük monitorlara ötürülür. Bu, valideynlərə uşaq və yeniyetmələrin reabilitasiya prosesini müşahidə etmək imkanı verir.


Reabilitasiya prosesi müalicəvi vannalar vasitəsilə də aparılır. Bu prosedurlar əzələ ağrılarını və əzələ spazmalarını azaldır, yerli və ümumi qan dövranını gücləndirir və nəticədə əzələ funksiyasını yaxşılaşdırır. Daha bir müalicə növü artterapiyadır. Uşaqlarla sosial mühit oriyentasiyası tədrisi aparılır, onlara müstəqil yaşamaq vərdişləri öyrədilir.


Psixoloji sərbəstlik - sensor terapiya kabineti psixoemosional vəziyyəti yaxşılaşdırmaq, narahatlıq və aqressiyanı azaltmaq, qorxu və sinir gərginliyini aradan götürmək, normal yuxunu bərpa etmək, psixoloq və uşaq arasında etibarlı kontakt yaratmaq məqsədi daşıyır.


Fondun prezidentinə bildirilmişdir ki, mərkəzdə dünyada populyar olan balneoterapiya da həyata keçiriləcəkdir. Bu, uşaq serebral iflicindən əziyyət çəkənlərə müsbət təsir göstərən bir terapiyadır. Hovuzda uşaqların çəkisi iki dəfə azaldığından, onlar hərəkət etməyə qorxmurlar. Nəticədə hətta ağır xəstələr də sərbəst üzməyi öyrənə bilir və bu da onlara hərəkət sevinci, həyat eşqi bəxş edir. Bu terapiyanın daha səmərəli olmağı üçün gələcəkdə hovuza xüsusi qaldırıcı qurğunun alınması planlaşdırılır ki, hərəkət etməyən uşaqlar da bu terapiyadan istifadə etsinlər.


Mərkəzdə müalicə ilə yanaşı, tədris işləri də aparılacaqdır. Uyğunlaşma tədrisi otağında uşaq və yeniyetmələrin tədrisi oyun və oyuncaqlar vasitəsilə, yəni əyləncəvi formada həyata keçiriləcəkdir.


Mərkəzdə uşaqların psixoloji və fiziki imkanlarının qiymətləndirilməsi də həyata keçirilir. Bunun üçün ayrılan xüsusi otaqda müayinə və qiymətləndirmə 3 mütəxəssis - pediatr, nevroloq və psixoloq tərəfindən aparılır.


Müalicə ocağının həyətində açıq idman meydançası da yaradılmışdır. Uşaqlar burada müxtəlif idman növləri ilə - futbol, voleybol, basketbolla məşğul ola biləcəklər. Mərkəzin həyətində əyləncə meydançası da vardır.


Uşaqların müxtəlif peşələrə istiqamətləndirilməsi, vaxtında və düzgün qidalandırılması da diqqət mərkəzindədir.


Mərkəzlə tanışlıqdan sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların buraya gətirilməsi, sonradan isə evlərinə qaytarılması üçün hədiyyə olunmuş “Hyundai” markalı avtobusun açarlarını mərkəzə təqdim etmişdir.


Mərkəzin açılışında “Uralsib” maliyyə korporasiyasının direktorlar şurasının sədri Nikolay Svetkov da iştirak etmişdir.


Sonra Heydər Əliyev Fondunda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiyanın “Uralsib” maliyyə korporasiyasının nümayəndə heyəti ilə görüşmüşdür.


FOTO