heyder-eliyev-fondu.jpg
22 iyun 2005

Heydər Əliyev Fondu “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində növbəti humanitar tədbir keçirib

İyunun 22-də Heydər Əliyev Fondu artıq ənənə halını almış "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində növbəti humanitar tədbir keçirmişdir.


Fondun icraçı direktoru Anar Ələkbərov mərasimi giriş sözü ilə açaraq, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın salamlarını, ən xoş arzularını yetirmiş, "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsinin ötən il dekabrın 7-də keçirilən təqdimat mərasimindən sonra bu sahədə görülən işlərdən danışmışdır. O, bu xeyirxah layihənin icrasına başlanandan sonra ictimaiyyətin, müvafiq dövlət qurumlarının, milli və xarici şirkətlərin, Beynəlxalq Diabet Federasiyasının Azərbaycanın diabetli uşaqlarının problemlərinin həllinə diqqətinin xeyli artdığını vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan "Diabet haqqında" qanun qəbul edən ilk MDB ölkələrindən biridir. Bu qanun MDB Parlamentlərarası Assambleyasının Sankt-Peterburqda keçirilən iclasında analoji sənəd qəbul edilərkən model qanun layihəsi kimi götürülmüşdür. Hazırda Qanunun icrası ilə əlaqədar Nazirlər Kabinetində diabetlə mübarizəyə dair dövlət proqramı hazırlandığını və onun maliyyələşdirilməsi üçün ilin sonuna kimi büdcədən lazımi vəsait ayrılacaqdır.

 

Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminə Ömərova, Danimarkanın "Novo Nordisk" şirkətinin respublikamızdakı nümayəndəsi Rəna Quliyeva, Fondun səhiyyə üzrə eksperti Faiq Tağızadə çıxış edərək, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xeyirxah təşəbbüsü ilə həyata keçirilən bu layihənin cəmiyyətdə geniş əks-səda doğurduğunu və valideynlər, diabetə mübtəla olmuş uşaqlar, eləcə də beynəlxalq təşkilatlar tərəfindən razılıqla qarşılandığını bildirmiş, valideynləri maraqlandıran suallara cavab vermişlər.

 

Tədbirin sonunda qeydiyyatda olan azyaşlı xəstələrə Danimarkanın "Novo Nordisk" şirkətinin istehsalı olan ən müasir insulin preparatlarının yarımillik ehtiyatı, preparatların orqanizmə daha ağrısız və dəqiq yeridilməsinə imkan verən inyeksiya üçün iynələr təqdim olunmuşdur.