25 iyun 2005

Heydər Əliyev Fondu talassemiyanın ixtisaslaşdırılmış diaqnostika və müalicəsi mərkəzi inşa edəcək

Heydər Əliyev Fondunun vəsaiti hesabına talassemiyalı xəstələrin diaqnostika və müalicə mərkəzi inşa ediləcəkdir. Bu məqsədlə torpaq sahəsi ayrılmış, layihə sənədləri hazırlanmış, bir sıra xarici ölkələrin təcrübəsi öyrənilib ümumiləşdirilmişdir.


Fondun icraçı direktoru Anar Ələkbərovun bildirdiyi kimi, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nın xoşməramlı səfiri Mehriban Əliyevanın şəxsi təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış "Talassemiyasız həyat naminə" proqramı təkcə talassemiyalı xəstələr, onların doğmaları tərəfindən deyil, respublika ictimaiyyəti, beynəlxalq təşkilatlar tərəfindən də böyük rəğbət və razılıqla qarşılanmışdır.


Talassemiya xəstəliyinin ölkəmiz üçün çətin problemlərdən biri olduğunu xatırladan Fondun icraçı direktoru demişdir ki, Azərbaycanın bir sıra rayonlarında talassemiya geninin yayılma tezliyi dünya üzrə rekord göstəriciyə çatır. Talassemiya daşıyıcılarının əhalinin sayına görə orta nisbəti 8 faizə bərabərdir. Yəni, respublikamızın hər 12 sakinindən biri bu patoloji genin daşıyıcısıdır. Hər il 200-ə qədər böyük BETA-talassemiya xəstə uşaq anadan olur. Yaşayan belə xəstələrin sayı isə 2 mindən artıqdır. Əslində, bu rəqəmlər daha böyük ola bilər. Çünki ölkəmizin bəzi ucqar rayonlarında talassemiya diaqnozu qoyulmur və anadan olan uşaq xüsusi müayinələrdən keçmir, həyatının ilk illərində vəfat edir və bunun səbəbi də bilinmir. Dünya səhiyyə təşkilatının proqnozuna görə, Azərbaycanda talassemiyanın profilaktikası lazımınca təşkil edilməsə, bu xəstəliyə düçar olmuş xəstələrin sayı yaxın 45 il ərzində 16 minə çata bilər.


"Talassemiyasız həyat naminə" proqramının bir məqsədi də ictimaiyyətin, xarici ölkələrin və Beynəlxalq Talassemiya Federasiyasının diqqətini bu problemin həlli yollarının araşdırılmasına cəlb etmək, Azərbaycanda talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən ixtisaslaşdırılmış mərkəzin və qan bankının yaradılması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün könüllü donor xidmətinin inkişaf etdirilməsi, talassemiyanın yayılmasının qarşısının alınmasından ötrü əhalinin maarifləndirilməsi və prenatal diaqnostika üsulu vasitəsilə xəstəliyin proqnozlaşdırılması (bu, xüsusilə yeni qurulan ailələrə aiddir), talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi çərçivəsində ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasıdır.


Həm dövlət, həm də ictimaiyyət, müxtəlif fondlar, imkanlı insanlar birlikdə bu bəlanın qarşısını ala bilərlər. Heydər Əliyev Fondu üçün isə əsas məsələ ixtisaslaşdırılmış mərkəzin və qan bankının yaradılmasıdır və Fond bu istiqamətdə hər bir yardımı, müsbət təklifi dəstəkləyir.


Paylaş: