0.JPG
30 iyun 2005

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev Fondunda olub

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iyunun 30-da Heydər Əliyev Fondunda olmuşdur.


Azərbaycan Prezidenti İlham Əliyev və Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Türkiyə hökumətinin başçısını böyük səmimiyyətlə qarşıladılar.


Mehriban xanım Əliyeva Baş nazir Rəcəb Tayyib Ərdoğana və Türkiyə nümayəndə heyətinin üzvlərinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verdi. Bildirildi ki, Fondun əsas məqsədləri Prezident Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyətinin və ölkəmizin tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.


Prezident İlham Əliyev hörmətli qonağa ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı məlumat verdi.


Baş nazir Rəcəb Tayyib Ərdoğan və Türkiyə nümayəndə heyətinin üzvləri fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, bütün qitələrdən olan ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş, gərgin, çoxşaxəli fəaliyyətindən xəbər verən şəkillərə böyük maraqla baxdılar.


Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Fondla tanış olduqdan sonra xatirə kitabına öz ürək sözlərini yazdı: "Qardaş Azərbaycanın ən ağır günlərində ikinci dəfə yenidən dövlətə rəhbərliyi öz üzərinə götürərək, çox qısa vaxtda ölkəsini çağdaş dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevirən böyük siyasi xadim Heydər Əliyevə öz ehtiramımı bildirirəm. Onun dövründə qoyulmuş etibarlı təməl üzərində Azərbaycanın gələcəkdə daha güclü, müstəqil dövlət olaraq tərəqqi edəcəyinə inanıram.


Heydər Əliyevin adı Azərbaycan durduqca, əbədiyyətə qədər Azərbaycanla qoşa yaşayacaqdır.


Ruhu şad olsun!"


Sonra Türkiyənin Baş naziri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya xatirə hədiyyəsi təqdim etdi.


Mehriban xanım hörmətli qonağa Fondun fəaliyyətinə həsr olunmuş kitabı, Fondun ən dəyərli layihələrindən olan "Qarabağ xanəndələri" albomunu təqdim etdi.


Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Fondun binasının eyvanından Bakının, Xəzərin mənzərəsini, xalqımızın qədim və möhtəşəm tarix-mədəniyyət abidəsi olan İçərişəhəri seyr etdilər.


Hörmətli qonaq Fonddan xoş və zəngin təəssüratla ayrıldığını bildirdi.


Fondun binası qarşısına toplaşmış yüzlərlə şəhər sakini Prezident İlham Əliyevi və Baş nazir Rəcəb Tayyib Ərdoğanı hərarətlə salamladılar, onlara hörmət və ehtiramlarını bildirdilər.


FOTO