10 fevral 2010

Heydər Əliyev Fondu şəkərli diabet xəstələrinin zəruri preparatla təmin olunması sahəsində növbəti aksiya həyata keçirib

Heydər Əliyev Fondu şəkərli diabet xəstələrinin zəruri preparatla təmin olunması sahəsində növbəti aksiya həyata keçirmişdir.

 

Səhiyyə Nazirliyi, Azərbaycan Diabet Cəmiyyəti və “Novo Nordisk” şirkətinin ölkəmizdəki nümayəndəliyi ilə birgə həyata keçirilən layihə şəkərli diabet xəstələrinin səhhətini yaxşılaşdırmaq və pasiyentləri müasir müalicə vasitələri ilə təmin etmək məqsədi daşıyır.

 

Layihə çərçivəsində respublikaya 2 min inyektor və çoxlu ucluq gətirilmişdir. Aksiya zamanı yeniyetmələrə, hamilə qadınlara, qlükemik indeksi 9 faizdən yuxarı olanlara üstünlük verməklə, 1200 nəfər imkansız, xəstəliyin ciddi fəsadları olan vətəndaş inyektor və ucluqla təmin ediləcəkdir.

 

Səmərəli tibbi xidmətin təşkilini vacib hesab edən Heydər Əliyev Fondu 2004-cü ildən başlayaraq “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində hər il qeydiyyatda olan 14 yaşınadək pasiyentləri dərman preparatı və qələm-iynə ilə təmin etmişdir. Davamlı layihə ilə yanaşı, Fond beynəlxalq əməkdaşlıq çərçivəsində humanitar aksiyalar keçirərək şəkərli diabet xəstələr üçün əldə etdiyi dərman preparatlarını qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan vətəndaşlara təqdim etmişdir. 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə əlaqədar Bakı şəhərində yaşayan 276 uşaq şəhər 6 saylı klinik xəstəxanada müayinə edilərək keyfiyyətli insulin analoqu və qələm-iynə ilə təmin edilmişdir.

 

Heydər Əliyev Fondunun digər qeyri-hökumət qurumları ilə həyata keçirdiyi uğurlu layihələr bu sahədə Dövlət Proqramına xüsusi dəstək olaraq respublikada şəkərli diabet xəstələrin zəruri preparat və müayinələrlə təminatında dönüş yaranmasına kömək etmişdir.