13 avqust 2010

Qəbələ İkinci Beynəlxalq musiqi festivalının uğurlu yekunları Rusiya mətbuatında geniş şərh olunur

Azərbaycanda ilin ən böyük mədəniyyət hadisəsi sayılan Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş İkinci Qəbələ Beynəlxalq musiqi festivalı başa çatsa da, belə görünür ki, tədbirin yaratdığı xoş təəssüratlar uzun müddət iştirakçıların və tamaşaçıların yaddaşından silinməyəcəkdir. Zəngin və rəngarəng proqramlı festivalın başa çatmasından bir həftədən artıq vaxt keçməsinə baxmayaraq, onun uğurlu yekunları dünya mətbuatında hələ də aktuallığını qoruyub saxlamaqdadır.


Bu günlər qonşu Rusiyanın bir sıra nüfuzlu xəbər agentliklərində və digər KİV-lərində də festivalla bağlı yazılar dərc edilir, telekanallarda süjetlər göstərilir. Rusiyanın nüfuzlu “İzvestiya” və “Nezavisimaya qazeta” nəşrləri son nömrələrində festivalla bağlı geniş məqalələr dərc etmişlər.

 

Festivalı əvvəldən axıradək izləyən “İzvestiya” qəzetinin müxbiri Valeri Qrinberq oxucuları ilə Qəbələ təəssüratlarını bölüşərkən bu füsunkar diyarın təbii gözəlliklərindən xüsusi söz açır. Onun festivalla bağlı dərc etdirdiyi yazılarda regionumuzun əsrarəngiz təbiəti, tarixi və insanlarından da bəhs olunur. Qəbələnin təmiz havasını isə jurnalist “oksigen kokteyli”nə bənzətmişdir. Festivala gəlincə, məqalədə əvvəlcə Heydər Əliyev Fondunun təşəbbüsündən, peşəkar təşkilatçılıqdan və möhtəşəm açılış gecəsindən danışılır. Valeri Qrinberq təxminən iki həftə davam etmiş festival boyunca dünya səviyyəli musiqiçilərin bir-birini əvəz etmələrini, Azərbaycan və dünya klassik musiqisinin incilərini şövqlə səsləndirmələrini xüsusi vurğulamış və bütün bunların dağların arasında, açıq havada cərəyan etməsini “nadir delikates” adlandırmışdır.

 

Dünya şöhrətli Yuri Başmetlə söhbətində maestronun Qəbələ festivalını Avstriyanın Salzburq və İsveçrənin Verbe festivalları ilə müqayisə etdiyini demişdir. Jurnalist rusiyalı oxucularla Bakı təəssüratlarını da bölüşmüşdür. Müəllif yazır ki, Bakıda böyük quruculuq işləri gedir. Bu qədim paytaxt həm də yenidən qurulur. Özü də ağıl və ustalıqla. Jurnalist Azərbaycan mətbəxinin zənginliyindən bəhs edərkən belə yazmışdır: “Dünyanın heç bir ölkəsində əti Azərbaycandakı kimi dadlı qızartmırlar”.