Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Şəkərli diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün Gəncədə təşkil edilmiş yay istirahət düşərgəsi başa çatmışdır.
Bakı, Gəncə, Sumqayıt şəhərlərinin, Ağdam, Şəki, Bərdə, Tovuz, Şəmkir, Biləsuvar, Şuşa, Kəlbəcər, Laçın, Qubadlı və Daşkəsən rayonlarının sakinləri olan 30 nəfər diabetli uşaq 15 gün ərzində 5 ulduzlu “Ramada-plaza” hotelində qalaraq sağlam həyat tərzi keçirmiş və müalicə olunmuşlar.
Sentyabrın 6-da düşərgənin bağlanışı ilə əlaqədar kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.
Konfransda düşərgənin rəhbəri Elmira Mirzəyeva çıxış edərək 15 gün ərzində həyata keçirilən tədbirlərdən danışmışdır. Bildirmişdir ki, 2009-cu ildən həyata keçirilən layihəyə əsasən, şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların psixo-sosial reabilitasiyası təmin edilmiş, onlarda özünəinam, özünümüdafiə, özünütəsdiq xüsusiyyətləri inkişaf etdirilmişdir. Düşərgədə olduqları müddətdə uşaqların istirahətləri yüksək səviyyədə təşkil edilmiş, Gəncə şəhərinin, Şəmkir, Göygöl, Daşkəsən rayonlarının görməli yerlərinə, eləcə də tarixi yerlərə ekskursiyalar həyata keçirilmişdir. Ekskursiyalar zamanı uşaqlarda vətənpərvərlik hissinin aşılanması istiqamətində maraqlı söhbətlər aparılmışdır.
Mətbuat konfransında bildirilmişdir ki, yay istirahət düşərgəsinin müsbət xüsusiyyətlərindən biri də uşaqlarda müvafiq psixoloji əlaqə, tolerant, münaqişəsiz davranış vərdişləri, özünün və ətrafında olan digər insanların vəziyyətini təhlil edərək anlamaq qabiliyyəti və ən nəhayət şəkərli diabet xəstəliyi ilə əlaqədar yaşanan vəziyyətin tənzimlənməsində və idarə edilməsində müəyyən vərdişlər aşılanmışdır.
Qeyd edilmişdir ki, düşərgənin fəaliyyət göstərdiyi müddətdə burada həyata keçirilən tədbirlər rəngarəng olmuşdur. Müvafiq iş planına əsasən, fərdi məsləhətlər və psixoterapiya, tibbi müayinə və müalicə, qrup disskusiyaları, oyun terapiyası, rəsm, idman və intellekt yarışları təşkil edilmişdir.
“Diabetlə yaşayıb, diabetə qalib gəlmək” devizi ilə həyata keçirilən layihənin müsbət cəhətlərini diqqətə çatdıran düşərgə rəhbəri onu da qeyd etmişdir ki, layihənin iştirakçıları olan uşaqlar artıq cəmiyyətin bir üzvü kimi onun idarə edilməsində fəal iştirak etmək hüquqlarına malik olduqlarını dərk etmişlər. Bunun üçün onlar həyata baxışlarını dəyişməli və cəmiyyətə inteqrasiya olunmalıdırlar.
Məsələn, Şəki rayonundan gəlmiş balaca Gülər çıxış edərək demişdir ki, mən kəndimizdə yeganə şəkərli diabet xəstəliyi olan insanam və indiyədək hamı mənə təəccüb və maraqla baxırdı. Mən o baxışları öz üzərimdə gəzdirə bilmirdim. Bu düşərgə mənə həmin baxışlara normal münasibət bəsləyimi öyrətdi.
Düşərgə rəhbəri 15 gün ərzində onlara göstərilən diqqət və qayğıdan bəhs edərkən demişdir ki, bu düşərgə dünyada analoqu olmayan bir layihə əsasında həyata keçirilir. Heydər Əliyev Fondunun növbəti humanist addımı sayəsində yüzlərlə şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaq cəmiyyətə inteqrasiya olunmuşdur. Onlar düşərgədə olduqları müddətdə lazım olan bütün dərman və preparatlarla təmin edilmiş və gələcək müalicələri üçün geniş imkanlar yaradılmışdır. Bu müddətdə uşaqlara 3 həkim-endokrinoloq, 2 psixoloq və 4 tərbiyəçi xidmət göstərmişdir. Onlar gecə və gündüz növbələrində uşaqların qayğısına qalmış, hər bir arzu və istəklərini yerinə yetirmişlər.
Sonra düşərgədə dincəlib müalicə olunan 19 yaşlı Anar Muradov, şuşalı məcburi köçkün, 13 yaşlı Mirvaqif Ağayev, Sumqayıtdan gəlmiş 14 yaşlı Əmrah Ağamalıyev və başqaları çıxış etmişlər. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihədə artıq ikinci il iştirak etdiklərini bildirən yeniyetmələr demişlər ki, düşərgə sanki onların üzünə həyat üçün yeni qapılar açmışdır. Təhsil aldıqları məktəbdə sinif yoldaşlarının tənəli sözləri və baxışları uşaqlarda bəzən sarsıntılar yaratsa da, bu düşərgədə qazandıqları psixoloji hazırlıqlardan sonra onlar özlərini həyat üçün lazımlı insan kimi dəyərləndirirlər.
Biləsuvar rayonundan 13 yaşlı Mehriban Muradova isə 6 ildir ki, şəkərli diabetdən əziyyət çəkdiyini demişdir. Bunu həyat tərzi kimi qəbul edən Mehriban düçar olduğu xəstəliyə görə heç də utanmadığını bildirmişdir. Demişdir ki, bu fikri mənə Heydər Əliyev Fondunun təşkil etdiyi yay istirahət düşərgəsi aşılamışdır. O, artıq ikinci ildir ki, qardaşı Anarla birlikdə bu düşərgədə dincəlir. Bütün bunlara görə fondun rəhbəri Mehriban xanım Əliyevaya minnətdarlıq edən balaca M. Muradova artıq özünü ailəsi və cəmiyyət üçün gələcəyi olan yararlı bir insan hesab edir.
Konfransdan sonra düşərgənin balaca sakinlərinə cansağlığı arzulanaraq, böyük diqqət və qayğı ilə öz evlərinə, ailələrinin yanına yola salınmışlar.