17 sentyabr 2010

Heydər Əliyev Fondunun dəstəyi ilə “WORLDMED” klinikasında həyata keçirilən humanitar aksiya həftəsi başa çatıb

Heydər Əliyev Fondunun dəstəyi ilə “WORLDMED” klinikasında həyata keçirilən humanitar aksiya həftəsi başa çatmışdır. Sayca üçüncü olan bu xeyriyyə həftəsində 43 uşaq üzərində cərrahiyyə əməliyyatı aparılmışdır.

 

Artıq ikinci ildir ki, bu klinikada aztəminatlı ailələrdən olan “dovşandodaq” və “qurd ağzı” diaqnozlu uşaqlar üzərində bərpa əməliyyatları keçirilir. Bu məqsədlə indiyədək 400 uşaq müayinədən keçirilmiş, 200 uşaq üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Əməliyyatlar üz-çənə cərrahı, tibb elmlər doktoru “WORLDMED” klinikasının baş həkimi Əziz Əliyev və ABŞ-ın Smile Train təşkilatının həkimləri tərəfindən həyata keçirilmişdir. İki əməliyyat otağında paralel aparılan cərrahiyyə əməliyyatları gündə 5-7 uşağın fiziki qüsurunu aradan qaldırmağa imkan yaratmışdır. Fondun dəstəyi ilə klinikada gerçəkləşən əməliyyatlar pulsuz aparılmışdır.