5.jpg
24 sentyabr 2010

Heydər Əliyev Fondu şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlarla bağlı növbəti aksiya keçirib

Heydər Əliyev Fondunun dəstəyi ilə şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlarla bağlı növbəti layihəyə start verilmişdir.

 

Heydər Əliyev Fondunun və “Sanofi-aventis” şirkətinin birgə layihəsi çərçivəsində aztəminatlı ailələrdən seçilən I tip şəkərli diabeti olan 18 yaşınadək 200 pasiyentə sentyabrın 24-də iki min şpris-qələmdən ibarət 400 qutu Apidra insulin preparatı təqdim olunmuşdur.

 

I tip şəkərli diabet xəstəliyindən əziyyət çəkən 18 yaşınadək uşaqların müalicəsi ilə məşğul olan Respublika Endokrinoloji Mərkəzinin, 6 nömrəli Uşaq Endokrinoloji Xəstəxanasının, eləcə də Sumqayıt şəhərinin və Abşeron rayonunun həkim-endokrinoloqları layihədə iştirak edəcəklər.

 

Əsasən uşaq yaşlarında inkişaf edən I tip şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin dərman preparatı ilə təminatına yönəlmiş layihənin məqsədi qısamüddətli təsirə malik insulinin yeridilməsinə ehtiyacı olan 18 yaşınadək 200 pasiyenti iki min şpris-qələm – Apidra preparatı ilə təmin etməklə yanaşı, pasiyentlərin altı ay müddətində həkim nəzarəti altında saxlanılması, lazımi müayinələrin aparılması və Apidra preparatının həkimin göstərişinə əsasən təyin edilməsidir.

 

Layihənin təqdimatından əvvəl Yasamal rayonundakı Heydər Əliyev muzey-məktəbinə gələn uşaqlar burada ümummilli liderin adını daşıyan muzey ilə tanış olmuş, ulu öndərin həyat və fəaliyyətinə dair fotostendlərə baxmışlar.

 

Sonra I tip şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların Apidra insulin preparatı ilə təmin edilməsi layihəsinin təqdimatı keçirilmişdir.

 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirmişdir ki, cəmiyyətin sosial qayğılarına daim diqqət yetirən Fond həyata keçirdiyi layihələrlə əhalinin sahiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edir. Fondun başlıca vəzifələrindən biri uşaq evləri və internatlardakı uşaq və yeniyetmələrə, şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir.

 

Anar Ələkbərov vurğulamışdır ki, səkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlara qayğı Heydər Əliyev Fondunun fəaliyyətində mühüm yer tutur. Səmərəli tibbi xidmətin təşkilini vacib hesab edən Heydər Əliyev Fondu 2004-cü ildən başlayaraq “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində hər il şəkərli diabet xəstəliyindən əziyyət çəkən 14 yaşınadək uşaqları insulin preparatları və şpris-qələmlərlə təmin etmişdir. Bundan əlavə, BMT-nin təşəbbüsü ilə 2007-ci ildən başlayaraq Heydər Əliyev Fondu Dünya Diabet Kampaniyasına qoşulmuşdur. Fondun dəstəyi ilə sosial qayğıya ehtiyacı olan, şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün psixo-sosial reabilitasiya yay məktəbi təşkil olunur. Fond səhiyyə ilə bağlı digər mühüm layihələr də həyata keçirir. 2004-2010-cu illər ərzində Fonda müraciət edən insanlara köməyin göstərilməsi üçün səhiyyə müəssisələri ilə sıx əlaqə qurulmuş, on minədək insanın müayinə və müalicəsi məqsədi ilə lazımi tədbirlər görülmüşdür.

 

“Sanofi-aventis” şirkətinin nümayəndəsi preparat barədə ətraflı məlumat vermiş, valideynlərin suallarını cavablandırmışdır.

 

Sonra uşaqlara Apidra insulin preparatı təqdim olunmuşdur.

 

Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın uşaqlara salamı çatdırılmışdır.


FOTO