9 may 2010

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı İstanbul şəhərində Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin təşkilatçılığı ilə tədbirlər keçirilib

Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə mayın 8 və 9-da İstanbul şəhərində Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin təşkilatçılığı ilə təntənəli mərasimlər keçirilmişdir. Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunun da dəstəklədiyi tədbirlər mayın 8-də Türkiyədə təhsil alan tələbələr arasında ulu öndərin xatirəsinə həsr olunmuş futbol turniri ilə başlamışdır.


Mayın 9-da isə ümummilli liderin adını daşıyan parkda Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin və konsulluq əməkdaşlarının, Türkiyədə yaşayan həmvətənlərimiz və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə ulu öndərin xatirəsi yad edilmişdir. Anma mərasimində Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin rəhbəri ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində tutduğu şərəfli yerdən, mədəniyyətimizin, dövlətçiliyimizin və müstəqilliyimizin inkişaf etməsi və güclənməsində göstərdiyi əzmkar və uzaqgörən fəaliyyətindən bəhs etmişdir.

 

Mərasim axşam saatlarında İstanbulun gözəl və tarixi guşələrindən birində 250 qonağın iştirak etdiyi möhtəşəm ziyafətlə davam etmişdir. Ziyafət iştirakçıları xalqımızın birlik və bərabərliyinin güclənməsində Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlərdən bəhs etmişlər. Daha sona Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol turnirinin qaliblərinə diplomlar və kuboklar təqdim olunmuşdur.