10 may 2009

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun yaranmasının 5-ci ildönümü Rumıniyada qeyd edilib

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibəti ilə Buxarest şəhərinin mərkəzində, ulu öndərin adını daşıyan parkda, tədbir keçirilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatası, ARDNŞ-nin Rumıniya Nümayəndəliyi, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası, Türkiyə-Rumıniya Ticarət və Sənaye Palatası, bu ölkədə yaşayan azərbaycanlılar, həmçinin Rumıniya ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Eldar Həsənov zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yolundan, onun xalqımızın qarşısında misilsiz xidmətlərindən ətraflı söhbət açmışdır.

 

Ümummilli liderin büstünün önünə əklillər və tər çiçəklər qoyulmuş, ulu öndərin əziz xatirəsinə yüksək hörmət və ehtiram ifadə edilmişdir.

 

Elə həmin gün Buxarestdə fəaliyyət göstərən Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin binasında Fondun yaranmasının 5-ci ildönümü münasibəti ilə tədbir keçirilmişdir.

 

Tədbirdə Rumıniya Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri cənab Yulian Fota, hökumət koalisiyasında olan Sosial Demokrat Partiyasının İdarə heyətinin üzvü və paytaxtın ən böyük rayonu olan 2-ci sektorun meri Nikolay Ontsyanu, hökumət koalisiyasındakı Liberal Demokrat Partiyasının senatoru Danuts Liqa, KİV nümayəndələri və s. iştirak etmişlər.

 

Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Eldar Həsənov tədbirdə çıxış edərək Heydər Əliyev Fondunun yarandığı gündən etibarən gördüyü xeyirxah və nəcib işlərdən, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil, səhiyyə, mədəniyyət, sosial, idman və digər sahələrdə həyata keçirilmiş layihələrdən danışmışdır.

 

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbəri İqbal Hacıyev nümayəndəliyin açılışından sonra keçən qısa zaman ərzində Kluj şəhərində yerləşən “Qocalar Evinin” himayəyə alınması, 2008-ci ildə seldən zərər çəkən Suçava bölgəsinə humanitar yardımın göstərilməsi, Buxarest şəhərinin 2-ci sektorunda yerləşən uşaqlar evinə dəstək verilməsi faktları əsasında əməli iş aparıldığını bildirdi və bu işlərin bundan sonra da davam edəcəyini vurğuladı.

Daha sonra tarix elmləri doktoru, Buxarest Universitetinin professoru Kopi Kucuk müəllifi olduğu “Heydər Əliyev – zəmanəmizin Atatürkü” və “Azərbaycanın qısa tarixi” adlı kitabları barədə danışaraq onların ilk nüsxələrini tədbir iştirakçılarına təqdim etdi.

 

Tədbirdə Rumıniya-Türkiyə Sənaye və Ticarət Palatasının sədri Tamer Atalay çıxış edərək Heydər Əliyevin siyasətinin yalnız Azərbaycanda deyil, ümumiyyətlə regional və qlobal miqyasda dəyərləndirilməsinin vacibliyini nəzərə çatdırdı.

 

Rumıniya Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota səfir Eldar Həsənova Fondun Rumıniyada həyata keçirdiyi xeyirhaq və nəcib fəaliyyətinə, ehtiyacı olan vətəndaşlara göstərdiyi yardım və dəstəyə görə təşəkkürünü bildirdi.

 

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyində nümayiş etdirilən “Heydər Əliyev – Azərbaycana həsr olunan zəngin həyat, xalq naminə misilsiz fəaliyyət!” fotoekspozisiyası tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.