BOLQARISTAN-AGENTLIK-HEYDAR ALIYEV FONDU-TANISHLIQ.jpg
11 iyun 2009

Bolqarıstanın İdman və Gənclər üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Bolqarıstan İdman və Gənclər üzrə Dövlət Agentliyinin gənclər siyasəti üzrə direktorluğunun baş direktoru İrina Karakaçanovanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 11-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Qonaqlara beş il bundan əvvəl yaradılmış Fondun çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilmişdir.

 

Burada onlar Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olmuş, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar.

 

Qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərmişlər.

 

Ulu öndərin orta və ali məktəbləri əla qiymətlərlə bitirməsi barədə attestatı və diplomu, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnaməsi, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələri, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotoşəkillər, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırmışdır.


Məlumat verilmişdir ki, ümummilli lider elm və mədəniyyət xadimlərinə, Azərbaycanın bayrağını beynəlxalq turnirlərdə yüksəklərə qaldıran idmançılara daim böyük qayğı və diqqətlə yanaşmışdır.

 

İrina Karakaçanova xatirə kitabına ürək sözlərini yazmış, görkəmli siyasi xadim Heydər Əliyevin adını daşıyan Fondla tanışlıqdan zəngin təəssürat aldığını ifadə etmişdir.

 

Sonda qonaqlar Fondda xatirə şəkli çəkdirmişlər.

 


FOTO