FOND-MARAKESH-SAFIRLAR .JPG
4 iyun 2009

Mərakeşdə akkreditə olunmuş səfirlər Heydər Əliyev Fondunda olublar

Mərakeşdə akkreditə olunmuş Portuqaliya, Yunanıstan, Tailand, Oman, Qətər, Mavritaniya, Bruney, Malayziya, Vyetnam, Banqladeş diplomatik nümayəndəliklərinin rəhbərləri və Avropa Komissiyasının təmsilçisi iyunun 4-də Heydər Əliyev Fondunda olmuşlar. 

 

Qonaqlara ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verildi. Bildirildi ki, Fond Azərbaycanın zəngin mədəni irsini öyrənməklə yanaşı, ulu öndərin arzularının həyata keçməsinə öz töhfəsini verir.

 

Dahi şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, ailə həyatını, çoxşaxəli fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, ulu öndərimiz haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri böyük maraq oyatdı.

 

Böyük rəhbərin ömrünün Moskva dövrünü, SSRİ hökumətində ikinci şəxs kimi genişmiqyaslı fəaliyyətinin müxtəlif anlarını əks etdirən şəkillər, SSRİ nümayəndə heyətinin rəhbəri olaraq dünyanın bir sıra ölkələrinə səfərləri, keçirdiyi görüşlər, fotosənədlər fenomen şəxsiyyətin şərəfli ömür yolunun səhifələrini bir daha xatirələrdə canlandırır.

 

Fondan zəngin təəssürat aldıqlarını bildirən diplomatlar Xaritə kitabına ürək sözlərini yazdılar.

 

Qonaqlar Heydər Əliyev Fondunun təhsil, səhiyyə və digər sahələrdə gördüyü işlərdən bəhs edən filmə baxdılar.

 

Qonaqlar bildirdilər ki, Diplomatiya Fondu ictimai və mədəni diplomatiya sahəsində, həmçinin Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində göstərdiyi xidmətlərə görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı yüksək nailiyyətlər mükafatı ilə təltif etmişdir. Həmin mükafat Heydər Əliyev Fonduna təqdim olundu.

Mərakeşdə akkreditə olunan səfirlərə Fondun xatirə hədiyyələri verildi.


FOTO