16 sentyabr 2009

Moskvada Ramazan bayramı münasibətilə açılmış “Ramazan çadırı”nda Azərbaycan Respublikası gecəsi təşkil edilib

Gənclər Təşkilatı (RAGT) tərəfindən təşkil edilmişdir.


Moskvadakı “Poklonnaya Qora”da yerləşən məscidin yaxınlığında açılmış “Ramazan çadırı”nda Azərbaycan Respublikası gecəsi keçirilmişdir. Bu tədbir Moskva hökumətinin, “Nadejda” Mədəniyyət və Təhsil Fondunun, habelə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin dəstəyi ilə Rusiya Müftilər Şurası və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) tərəfindən təşkil edilmişdir.

 

Oruc tutan gənclərin toplaşdığı gecədə iftardan əvvəl axşam duası oxunmuşdur.

 

Sonra tədbirin rəsmi açılışı üçün Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundovaya söz verilmişdir. N.Axundova tədbirə gələnləri salamlayaraq demişdir ki, müqəddəs Ramazan günlərində açılmış çadırda azərbaycanlılar, həmçinin Azərbaycandan gəlmiş qardaş və bacılarımızla bərabər, digər millətlərin nümayəndələri olan qonaqların da olmasını qeyd etmək çox xoşdur. N.Axundova demişdir: “Bu, çox əlamətdar faktdır, çünki biz Azərbaycanda da beləcə səmimi yaşayırıq. Ölkəmizdə əsas din islam dinidir, əhalinin böyük əksəriyyəti bu dinə etiqad edir, buna baxmayaraq, Azərbaycanda islamla bərabər bütün dinlərə böyük hörmət və ehtiram bəslənilir, bütün dindarlar bərabər hüquqlara malikdirlər. Xüsusən son illərdə Azərbaycanda müsəlman məscidləri ilə yanaşı, kilsələr, məbədlər, sinaqoqlar da tikilir və bərpa edilir. Məlumdur ki, Bakıda katolik kostyolu tikilmişdir. Onun planı şəxsən Roma Papası ilə razılaşdırılmışdır. Buna görə də deyə bilərik ki, bu gün Azərbaycan cəmiyyəti həmrəylik, sülh, qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşayır”. Azərbaycan səfirliyinin nümayəndəsi bu tədbirə xeyli insan dəvət etmək və onların xoş niyyətlərini bildirməsi üçün imkan yaradılmasına görə səfirin adından və Azərbaycan Respublikası adından Rusiya Müftilər Şurasına təşəkkür etmişdir. Tədbirin belə yüksək səviyyədə təşkil edilməsinin Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının və şəxsən həmin təşkilatın rəhbəri Leyla xanım Əliyevanın sayəsində mümkün olduğunu vurğulayan N.Axundova onlara xüsusi təşəkkürünü bildirmişdir.

 

Tədbirin iştirakçıları müqəddəs Quran oxunmasını davam etdirmiş, sonra çadırın qonaqlarına və tədbir iştirakçılarına Azərbaycan Respublikasına həsr olunmuş mədəni-maarifçilik proqramı təqdim edilmişdir.