13 dekabr 2009

Buxarestdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib

Dekabrın 13-də xalqımızın ümummilli liderinin vəfatının 6-cı ildönümü ilə əlaqədar Buxarest şəhərinin mərkəzindəki Heydər Əliyev xiyabanında Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən anma mərasimi keçirilmişdir.

 

Mərasimdə Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası idarə heyətinin təmsilçiləri, ARDNŞ Rumıniya nümayəndəliyinin əməkdaşları, ölkə ictimaiyyətinin nümayəndələri, türk-tatar icmasının fəalları, burada yaşayan azərbaycanlılar, KİV nümayəndələri iştirak etmişlər.

 

Ulu öndərin xiyabandakı büstü önünə əklillər və tər çiçəklər qoyulmuş, əziz xatirəsi ehtiramla yad edilmişdir.

 

Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Eldar Həsənov görkəmli siyasi xadim Heydər Əliyevin həyatı, fəaliyyəti haqqında söz açmış, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən danışmış, Rumıniya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin yaradılması və dərinləşməsində müstəsna rolunu vurğulamış, ümummilli liderimizin adını daşıyan Fondun xeyriyyəçilik fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

 

Eldar Həsənov xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.