3 may 2008

Tbilisidəki Pirosman sərgi salonunda ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunmuş sərgi açılıb

Azərbaycanın Gürcüstandakı səfirliyi Heydər Əliyev Fondunun dəstəyi ilə mayın 2-də Tbilisidəki Pirosman sərgi salonunda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 85 illik yubileylərinə həsr olunmuş fotosərgi və yeni poçt markalarının, zərflərin təqdimat-möhürlənməsi mərasimi keçirmişdir.


Tədbirdə Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun, Gürcüstan azərbaycanlılarının, gürcü incəsənət xadimlərinin nümayəndələri, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze və başqa rəsmi şəxslər iştirak etmişlər.

 

Səfir Namiq Əliyev sərgini açaraq demişdir ki, əlamətdar yubileylər münasibətilə Azərbaycanın Gürcüstandakı səfirliyi silsilə tədbirlər planı işləyib hazırlayıb və artıq onların həyata keçirilməsinə başlanmışdır. Bu mərasim həmin tədbirlərdən biridir. Fotosərgidə ümummilli liderin müxtəlif dövrlərdəki fəaliyyəti əks olunmuşdur.

 

Sonra səfir ulu öndər Heydər Əliyevin qlobal layihələrin gerçəkləşməsində əvəzsiz xidmətlərindən, həmin layihələrin bölgədə sabitliyin təminatçısına çevrildiyindən söhbət açmışdır. O, qeyd etmişdir ki, həyatını xalqının, ölkəsinin rifahına həsr etmiş Heydər Əliyevin əziz xatirəsi qəlblərdə əbədi yaşayacaqdır.

 

Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze Heydər Əliyev və onun xanımı Zərifə Əliyeva kimi ictimai-siyasi və dövlət xadimlərinin əlamətdar yubileylərinə həsr olunmuş tədbirdə iştirak etməsindən məmnunluğunu bildirmişdir.

 

Qubernator Heydər Əliyevin Qafqazda sabitlik, Gürcüstan-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi istiqamətində əvəzsiz xidmətlərindən söhbət açmış və səfirliyimizin əlamətdar yubileylərlə əlaqədar keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulamışdır.

 

Sərgidə azərbaycanlı foto ustaları ilə yanaşı, gürcü Serqo Buiglişvilinin ayrıca fotoguşəsi də nümayiş etdirilmişdir. Guşə müəllifin gürcü və Azərbaycan dillərində aşağıdakı yazısı ilə müşayiət olunur: “Bu fotoları 2002-ci il mayın 28-də çəkdim. Həmin gün Azərbaycan öz müstəqilliyinin ildönümünü qeyd edirdi. Hadisələri lentə almaq mənə təsadüfən nəsib oldu. Qarşımda problem yaranmadı. Heydər Əliyev gürcü olduğumu bildi və məni heç bir maneə olmadan özünə yaxın buraxdı... Hər şey bugünkü kimi yadımdadır və hər zaman yaddaşımda qalacaqdır. Mən işlərimi Heydər Əliyevin əziz xatirəsinə həsr edirəm”.

 

Sonda səfir və qubernator zərflərin möhürlənməsi mərasimini keçirmiş, həmin zərflər tədbir iştirakçılarına paylanmışdır.